Vinisius Junior “Qızıl top”u qazanmaq istəyindən söhbət açdı

“Real”ın və Braziliya millisinin vingeri Vinisius Junior “Qızıl top” mükafatında mümkün qalibiyyəti haqda söhbət açıb.

Arena.az CNN-ə istinadən, braziliyalı mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Mənim üçün bu xüsusda nümunə olaraq Kaka var, bu mükafatı iki dəfə qazanmış Ronaldo var, Ronaldinyo, Rivaldo, “Qızıl top”u qazanmış bir çox braziliyalı oyunçu var. Amma heç şübhəsiz ki, Ronaldo və Ronaldinyo mənim ən yaxın olduğum insanlardır. Onlar mənə hər gün “Qızıl top”u qazanmalı olduğumu söyləyirlər”, deyə “Vini” vurğulayıb.

Vinisius Junior “Flamenqo”nun yetirməsidir. Braziliyalı vinger “Real”a 2018-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində elə, “Flamenqo”dan keçib. Vinisiusun İspaniya nəhəngi ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə “Vinni” madridlilərin heyətində 3 oyuna çıxıb, 2 məhsuldar ötürmə ilə fərqlənib. Vinisiusun “Real”da çıxışının ümumi mənzərəsi isə belədir: 267 oyun, 83 qol, 77 məhsuldar ötürmə.

“Vini” “qaymaqlılar”la İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2024/205), FIFA Klub Dünya Kubokunun (2019, 2023) qalibi olub.

Vinisius Junior 2019-cu ilin sentyabrında debüt etdiyi Braziliya milli komandasının heyətində 33 oyun keçirib, 5 qol vurub və 5 məhsuldar ötürmə verib. “Vinni” Braziliyanın U-15, U-17 komandaları ilə Cənubiamerikan Çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 24 yaşlı braziliyalı sol vingerin transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu isə Vinisiusun dünyanın ən bahalı dörd futbolçusundan biri olması deməkdir.

Xəbəri sosial şəbəkələrdə paylaş: