Vinisius Junior: “Real”ın kapitanı olmaq istəyirəm”

“Real”ın braziliyalı ulduz hücumçusu Vinisius Junior Madrid təmsilçisinin kapitan sarğısında ilk dəfə çıxışını şərh edib.

Arena.az məlumat verir ki, “Vini” İspaniya Kral Kubokunun yarımfinalında “Real Sosyedad”a qarşı səfər oyununda (1:0) ilk dəfə olaraq “Real”ın kapitanı qismində çıxış edib.

“Mən bu klub üçün 500 oyun keçirməklə, “Real”ın tarixinə düşmək istəyirəm. Bu, izahedilməz bir duyğudur – 24 yaşında ikən dünyanın ən yaxşı klubunun kapitanı olmaq”, – nüfuzlu italyan jurnalist-insayder Fabritsio Romano braziliyalı hücumçu Vinisius Juniordan sitat gətirir.

Vinisius Junior “Flamenqo”nun yetirməsidir. Braziliyalı cinah hücumçusu “Real”a 2018-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində elə, “Flamenqo”dan keçib.

Vinisiusun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə “Vini” madridlilərin heyətində 34 oyuna çıxıb, 17 qol və 10 məhsuldar ötürmə ilə fərqlənib.

Vinisiusun “Real”da çıxışının ümumi mənzərəsi 299 oyun, 102 qol, 74 məhsuldar ötürmədən ibarətdir.

“Vini” “qaymaqlılar”la İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2024/2025), FIFA Klub Dünya Kubokunun (2019, 2023), FIFA Qitələrarası Kubokun (2024) qalibi olub.

Vinisius Junior 2019-cu ilin sentyabrında debüt etdiyi Braziliya milli komandasının heyətində 37 oyun keçirib, 5 qol vurub və 5 məhsuldar ötürmə verib. Vinisius Braziliyanın U-15, U-17 komandaları ilə Cənubiamerikan Çempionatının qalibi olub.

“Transfermarkt” 24 yaşlı braziliyalı vingerin transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: