İspaniya Kubokunun yarımfinalının “Real Sosyedad”la Madriddəki cavab oyunu “Real”ın braziliyalı hücumçusu Vinisius Junor üçün düşərli olub.
Arena.az məlumat verir ki, səfərdə 1:0 hesablı qələbə qazanmış “Real” evdə əsas vaxtda 3:4 hesablı məğlubiyyətlə əlavə vaxta sürüklənsə də, yekunda 4:4 hesablı bərabərliyi qopararaq, finala yüksəlib.
Vinisius Junior bu oyunda “qaymaqlılar”ın uğuruna iki məhsuldar ötürmə ilə töhfəsini verib. Beləliklə “Vini” İspaniya Kral Kubokunda meydana çıxıdığı 25-ci oyununda 12-ci məhsuldar ötürməsini verməklə, yarışda “Real”ın tarixən ən səmərəli oyunçusuna çevrilib. Həmçinin “Vini” yarışın tarixində ən səmərəli oyunçuların üçlüyünə daxil olub.
İspaniya Kral Kubokunun məhsuldar ötürmələr üzrə tarixən ən səmərəli oyunçularının üçlüyü hazırda belə sıralanıb:
- Lionel Messi (“Barselona”) – 27 məhsuldar ötürmə;
- Jordi Alba (“Barselona”) – 15 məhsuldar ötürmə;
- Vinisius Junior (“Real”) – 12 məhsuldar ötürmə.
Göründüyü kimi, “Vini” “Barselona”nın keçmiş futbolçularının nəticələrini üstələmək imkanını saxlayır.
Vinisius Junior “Flamenqo”nun yetirməsidir. Braziliyalı cinah hücumçusu “Real”a 2018-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində elə, “Flamenqo”dan keçib.
Vinisiusun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə “Vini” madridlilərin heyətində 41 oyuna çıxıb, 18 qol və 13 məhsuldar ötürmə ilə fərqlənib.
Vinisiusun “Real”da çıxışının ümumi mənzərəsi 306 oyun, 103 qol, 73 məhsuldar ötürmədən ibarətdir.
“Vini” “qaymaqlılar”la İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2024/2025), FIFA Klub Dünya Kubokunun (2019, 2023), FIFA Qitələrarası Kubokun (2024) qalibi olub.
Vinisius Junior 2019-cu ilin sentyabrında debüt etdiyi Braziliya milli komandasının heyətində 39 oyun keçirib, 6 qol vurub və 6 məhsuldar ötürmə verib. Vinisius Braziliyanın U-15, U-17 komandaları ilə Cənubiamerikan Çempionatının qalibi olub.
“Transfermarkt” 24 yaşlı braziliyalı vingerin transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir.


