Vitor Roke Braziliyaya qayıtdı – “Barselona”nın qazancı

“Barselona”nın “Betis”də icarə olan braziliyalı mərkəz hücumçusu Vitor Roke bundan sonra “Palmeyras”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, Braziliya klubu 20 yaşlı futbolçunu tamhüquqlu əsasda öz heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı açıqlama yayıb. “Palmeyras” bu transfer üçün “Barselona”ya 25,5 milyon avro ödəyib. İspaniya nəhəngi əlavə 4,5 milyon bonus da əldə etmək şansına malikdir.

20 yaşlı hücumçu “yaşıllar”la 2029-cu ilin sonuna kimi müqavilə bağlayıb.

Xatırladaq ki, “Betis” Vitor Rokeni 2024/2025-ci illər mövsümünün sonuna qədər icarəyə götürmüşdü. İcarə müqaviləsindəki maddə fubolçunu sonradan satın almaq hüququnu “Betis”ə təqdim edirdi. Amma göründüyü kimi, “Palmeyras” daha cəld tərpənərək Rokenin transfer hüquqlarını “Barselona”dan almağa nail olub.

“Barselona” Vitor Rokeni 2024-cü ilin yanvarında 30 milyon avro məbləğ müqabilində “Atletiko Paranaense”dən transfer etmişdi. Kataloniya nəhəngi Roke ilə müddəti 2031-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalamışdı.

Vitor Roke böyük futbola “Amerika Mineyro” və “Kruzeyro”nun futbol məktəblərindən keçərək gəlib. 2022-ci ilin aprelində “Kruzeyro” Rokeni 4,7 milyon avro məbləğ müqabilində “Atletiko Paranaense”yə transfer edib. Burada Roke səviyyəsini artıraraq, adından söz etdirib.

2023/2024-cü illər mövsümündə Roke “Barselona”nın heyətində bütün yarışlarda 16 oyuna çıxıb, 2 qol vurub. Cari mövsümdə isə Vitor “Betis” üçün 33 oyunda 7 qol vurub, 2 assist edib.

Vitor Roke 2023-cü ilin martında Braziliya millisinin heyətində debüt edib, meydanda 25 dəqiqə keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Roke Braziliyanın U-20, U-23 yığmalarında oynayıb. U-20 yığması ilə Roke Cənubiamerikan Çempionatının qalibi olub və həmin yarışın 6 qolla ən sərrast futbolçusu olub.

“Transfermarkt” internet-portalı 20 yaşlı braziliyalı mərkəz hücumçusunun transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: