“Əl-Nəsr”ın baş məşqçisinin köməkçisi Vitor Severino komandanın portuqal veteran ulduzu, hücumçu Kristiano Ronaldonun oyununu şərh edib.
Arena.az “Al Nassr Zone” dərgisinə istinadən, portuqal mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Kristiano Ronaldo peşəkar futbolçu nümunəsidir. O, çox məşq edir və Kristianonun bunu məhz necə etdiyini izləsəniz, sarsılarsınız. Məşqə gələndə Ronaldo artıq oradadır, məşq bitəndə isə o, dərhal ayrılmır. Zəhmətkeşlik, başqalarına hörmət və qələbəya susamışlığı onu böyük insan edib. Bu, onun güclü tərəfidir.
Ronaldo anadangəlmə liderdir. O, meydana çıxanda komanda yoldaşları ona əsl lider kimi baxırlar”, deyə Vitor Severino vurğulayıb.
Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə hücumçu “Əl-Nəsr”in heyətində bütün yarışlarda 40 oyuna çıxıb, 41 qol vurub, 12 məhsuldar verib.
Ronaldo 32 qolla cari mövsüm Səudiyyə Ərəbistanı Peşəkar Liqasının ən sərrast futbolçusudur. Portuqal ulduzun hesabında 10 məhsuldar ötürmə də var. Ronaldo həmçinin qol və məhsuldar ötürmələrin cəmi (42) üzrə mütləq liderdir.
Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 206 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.


