Voleybol: 2023/2024 mövsümünün püşkü atıldı

Bu gün Bakı Voleybol Mərkəzində voleybol üzrə Azərbaycan çempionatlarında 2023/2024 mövsümünün püşkü atılıb.

Arena.az xəbər verir ki, tədbirdə Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, vitse-prezidentlər Faiq Qarayev və Bəhruz Quliyev iştirak ediblər.

Püşkatma və çempionat oyunlarının keçirilmə qaydaları barədə məlumat verilib. Daha sonra isə püşk atılıb.

Qadınlar

1-ci tur
“Milli Aviasiya Akademiyası” – “Gəncə”
“Azərreyl” – UNEC
“Murov Az Terminal” – “Abşeron”

Kişilər

1-ci tur
“Azerreyl” – “Xarı Bülbül” (Laçın)
MOİK – “Xarı Bülbül” (Şuşa)
“Neftçi” – “Murov Az Terminal”

Reqlamentə əsasən, hər iki çempionat 4 dövrədən ibarət olacaq və oyunlar dairəvi sistem üzrə keçiriləcək. Dörd dövrədən sonra ilk 4 pilləni tutacaq komandalar pley-off mərhələsinə yüksələcəklər. Pley-off mərhələsində 2 oyun (tərəflər hərəsi bir oyunda qalib gələrsə, setlər də bərabər olarsa, qızıl set oynanılacaq), final və üçüncü yer uğrunda isə 1 oyun keçiriləcək.

AVF prezidenti Şahin Bağırov yeni mövsümlə bağlı gözləntilərini açıqlayıb:

“Növbəti çempionatımız maraqlı olacaq. Həm kişilər, həm də qadınlar arasında çempionatda 6 komandanın çıxış etməsi oyunları daha maraqlı edəcək. Oyun sayı nə qədər çox olsa, voleybolçuların ustalıq səviyyəsi də o qədər artar. Bu mənada 6 komandalı liqa arzuolunandır. Bunun nəticəsini görəcəyik. Bu idman növünün əhatə dairəsini genişləndirmək niyyətindəyik. Medianın bu yöndə federasiya ilə işbirliyi artmalıdır. Turnirlərin və idmançıların təbliğində media və azarkeş önəmli rola malikdir”.

Bağırovun fikrincə, klubların aşağı yaş qruplarından ibarət komandaları olmalıdır: “Regionlarda qızlar arasında seleksiyalar baş tutub. Klublardan nəticələrlə yanaşı, aşağı yaş qrupları ilə bağlı da hesabat istəniləcək. Voleybolu inkişaf etdirmək niyyətindəyik. Hər zaman dövlət dəstəyini hiss edirik. Bu imkanlardan da istifadə etməliyik. Bəlkə də, buna illər lazımdır. Amma bunu sizinlə birlikdə edəcəyik. Yarışların ədalətli keçirilməsi üçün son texnologiyalardan istifadə edəcəyik. Azarkeşlərin sayının çox olması da çox vacibdir. Klubların üzərinə böyük məsuliyyət düşür. Fanatları cəlb etmək önəmlidir. Bütün komandalara yeni mövsümdə uğurlar arzulayıram. Azərbaycanda voleybolçu olmaq istəyən istedadlı uşaqlar çoxdur. Vaxt gələcək, komandalarımızda legionerlərə ehtiyac duyulmayacaq”.

Xəbəri sosial şəbəkələrdə paylaş: