“Volfsburq” Mahir Emrelinin komanda yoldaşını transfer etdi

Almaniyanın “Volfsburq” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Bundesliqa təmsilçisi Xorvatiyanın “Dinamo” klubunun müdafiəçisi Bartol Franyiçi heyətinə qatıb.

Bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb. 22 yaşlı xorvat futbolçu Bundesliqa təmsilçisi ilə 5 illik müqaviləyə imza atıb. Onun yeni komandasında 38 nömrəli formanı geyinəcəyi bildirilib.

Bartol Franyiç “Dinamo”nun öz yetirməsi idi. O, 2020-ci ildən Zaqreb klubunun əsas komandasında çıxış edirdi. Müdafiəçi bu komandada 82 oyunda 1 qolla yadda qalıb. Xorvatiyanın U-21 yığmasının sabiq üzvü millidə 10 oyunda 1 qol vurub, bu komandanın kapitanı olub. Gənc futbolçu Xorvatiyanın əsas millisinə də əsas namizədlərdən hesab olunur.

“Dinamo” Franyiçlə yanaşı daha bir futbolçusu ilə yollarını ayırıb. Zaqreb təmsilçisi gənc yarımmüdafiəçisi Tomislav Duvnyakı da “İstra 1961” klubuna satıb. 19 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqavilə bağlayıb.

Həm “Volfsburq”, həm də “İstra 1961” klublarının bu transferlər üçün “Dinamo”ya nə qədər təzminat ödədiyi açıqlanmır. Məşhur “Transfermarkt” nəşrinin məlumatına görə, Franyiçin market dəyəri 4.5 milyon avrodur. Duvnyakın bazar dəyərinin isə 450 min avro olduğu bildirilir.

Qeyd edək ki, “Dinamo”da Azərbaycan yığmasının hücumçusu Mahir Emreli də forma geyinir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: