Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində qarşılaşdıqları Serbiya ilə səfər oyununda kapitan sarğısını yerə tullayıb.
Arena.az xəbər verir ki, 36 yaşlı futbolçunun bu addımına matçın 3-cü uzatma dəqiqəsində vurduğu qolun hakimlər tərəfindən sayılmaması səbəb olub.
Ronaldonun zərbəsindən sonra serbiyalı müdafiəçi Stefan Mitroviç topu qapı xəttinin içərisindən çıxarıb. Portuqaliyalı futbolçular topun qapı xəttini keçdiklərini bildirsələr də, niderlandlı baş hakim Denni Makkeli qolu qeydə almayıb və oyunu davam etdirib. Hakimin qərarından qəzəblənən ulduz futbolçu buna etiraz etsə də, önündə sarı vərəqə görüb. Bundan sonra Ronaldo kapitan sarğısını yerə tullayaraq meydanı tərk edib.
Matçdan sonra Danni Makkeli bu qolu saymadığı üçün üzr istəyib. Bu barədə qonaq komandanın baş məşqçisi Fernando Santos açıqlama verib. Onun sözlərinə görə, niderlandlı referi matçın ardından epizodun təkrarına baxdıqdan sonra üzrxahlıq edib: “O, hələ meydançada mənə görüntülərə baxmaq və əsas olarsa, üzr istəmək niyyətində olduğunu dedi. Belə də oldu, üzr istədi”.
Qeyd edək ki, bu matçda qonaqlar ilk yarıda vurduqları iki qolla hesabda öndə olublar. Lakin fasilədən sonra serblər buraxılan topların əvəzini çıxmağı bacarıblar və qarşılaşma 2:2 hesabıyla bitib. Bu nəticədən sonra Serbiya və Portuqaliya hərəyə 4 xalla millimizin yer aldığı A qrupunda ilk 2 pilləni bölüşürlər. İlk turda Portuqaliyaya 0:1 hesabı ilə uduzmuş Azərbaycan millisi martın 30-da Bakıda Serbiya ilə üz-üzə gələcək.


