Vurğun Hüseynov: “Bu nəticələr Sumqayıt şəhərinə yaraşmır”

“Sumqayıt”ın məşqçisi Vurğun Hüseynov Azərbaycan Premyer Liqasının 36-cı turunda “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 4:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:

“Oyun barədə danışılası çox şey yoxdur. Futbolçular qısa müddətdə toparlandılar və meydana çıxıb qələbə qazandılar. Onlara təşəkkür edirəm. Bu 3 xal bizim üçün vacib idi. Ən azından bir pillə yuxarı qalxmaq şansımız var idi. Enişli-yoxuşlu nəticələrə görə azarkeşlərimizdən üzr istəyirik. Çünki bu nəticələr Sumqayıt şəhərinə, şəhərin tək komandasına yaraşmır. Azarkeşlərimiz gələcəkdə daha yaxşı “Sumqayıt” görəcəklər”.

Vurğun Hüseynov yeni baş məşqçinin korpusunda yer alıb-almayacağı barədə sualı da cavablandırıb:

“Bu barədə mənə heç nə deyilməyib. Gələcəkdə nələrin olacağını görəcəyik”.

“Səbail”in məşqçisi Elvin Məmmədov isə elitadakı son oyunlarını və məğlubiyyəti belə şərh edib:

“Sumqayıt”ı təbrik edirəm. Premyer Liqadan düşməyimiz 3 tur əvvəl rəsmiləşmişdi. Belə vəziyyətdə komandanı hazırlamaq çətindir. Düzdür, bu, bizim işimizdir. Nə qədər çalışsaq da, motivasiyanı saxlaya bilmirik. Birinci hissədə daha yaxşı oynadıq. İkinci yarıda “Sumqayıt” öz gücünü göstərdi. Bundan sonra qollar buraxdıq. Bizim üçün çempionat onsuz da bitmişdi. Bundan sonrakı perioda baxacağıq”.

Xəbəri sosial şəbəkələrdə paylaş: