Madrid “Real”ının baş məşqçisi Xabi Alonso “qaymaqlılar”ın ingiltərəli yarımmüdafiəçisi Cud Bellingemin durumu haqda danışıb.
Arena.az xəbər verir ki, o, çiyin zədəsi səbəbindən cari ilin yayında məruz qaldığı cərrahi əməliyyatdan sonra xeyli müddət bərpa mərhələsi keçmiş ingilis futbolçu barədə bunları söyləyib:
“Cud daha xeyli məşq edib və bərpa mərhələsindən sonra hazırlaşıb. Bizə Cudun ən yaxşı halı gərəkdir. O, yaxşı oynamaq və komanda yoldaşlarının da daha yaxşı oynamasına kömək etmək istəyir. Məşqlərdə onun xoşbəxt olduğunu görürəm”, deyə Xabi Alonso bildirib.
Cud Bellingem “Real”a 2023-cü ilin iyun ayının əvvəlində 103 milyon avro məbləğ müqabilində Dormund “Borussiya”sından keçib. Hücumameyilli yarımmüdafiəçi İspaniya nəhəngi ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqaviləyə imza atıb.
Bellingem cari mövsümdə meydana çıxdığı 6 oyunda fərqlənə bilməyib. İngilis yarımmüdafiəçinin “Real”ın heyətində çıxışının ümumi mənzərəsi 106 oyun, 38 qol və 28 məhsuldar ötürmədən ibarətdir.
Bellingem “Real”la İspaniya Super Kubokunun (2024), İspaniya La Liqasının (2023/2024), UEFA Çempionlar Liqasının (2023/2024), UEFA Super Kubokunun (2024), FIFA Qitələrarası Kubokun (2024) qalibi olub.
Cud Bellingem 2020-ci ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 44 oyun keçirib, 6 qol vurub və 10 məhsuldar ötürmə verib.
“Transfermarkt” 22 yaşlı yarımmüdafiəçisinin transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.


