Futbol üzrə Almaniya çempionu “Bayer”in baş məşqçisi Xabi Alonso özünü çalışdırıcı rolunda necə hiss etdiyindən danışıb.
Arena.az ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Bu mövsüm “Leypsiq”lə ilk oyundan mən bilirdim ki, bizim kuboklar uğrunda mübarizə aparmaq imkanımız var. Oyunçudan məşqçiyə çevrilmək maraqlı hissdir, çünki 90 dəqiqə kənarda dayanmalısan və özünü mümkün qədər gücsüz hiss edirsən. Bu oyunu əvvəllər ayaqlarımla oynayırdım, indi isə ancaq ağlımla oynayıram. Həmişə bir addım irəlidə düşünürsən. Siz durub oyunçularınızın qərarlarını izləyirsiniz və deyirsiniz: “Doğrudur. Doğru. Yaxşı. Doğru. Doğru”. Sonra uğursuz bir toxunuş və düşünürsən ki, “Yox. Haydı, uşaqlar, səhvinizi düzəldin!”.
Bəzən sırf nəzarətə sahib olmaq üçün meydana qaçıb oynamaq istəyirsən. Ancaq “Leypsiq”in qapısına ilk zərbədən beynimdə səsləndi: “Doğrudur, doğru, doğru, doğru. Bəli. Doğru. 90 dəqiqəyə”, deyə Alonso məşqçilik rolunda duyğularını izhar edib.
Xabi Alonso “Bayer”i 2022-ci ilin oktyabrından çalışdırır. İspan mütəxəssisin “əczaçılar”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. “Bayer” 42 yaşlı Xabi Alonsonun məşqçilik karyerasında çalışdırdığı ilk yüksək səviyyəli klubdur. Buna qədər Alonso “Real” və “Real Sosyedad”ın müxtəlif sistemlərində çalışıb.
Xabi futbolçu karyerası ərzində “Real Sosyedad”, “Liverpul”, “Real” və “Bayern”də çıxış edib.
2023/2024 mövsümündə Xabi Alonsonun çalışdırdığı “Bayer” Almaniya Bundesliqasının qalibi olub. “Əczaçılar” həmçinin Almaniya Kubokunun finalında “Kayzerslautern”i 1:0 hesabı ilə məğlub edərək, ölkə kubokunu qazanıblar. Qitə miqyasında isə “Bayer” uğurla çıxış etdiyi Avropa Liqasının finalına yüksəlib və burada gözlənilmədən “Atalanta”ya 0:3 hesabı ilə məğlub olub.
“Bayer” Bundesliqada bütün mövsümü məğlubiyyətsiz başa vurmaqla, yarışın tarixində bir ilkə imza atıb. Beləliklə, “əczaçılar” XXI əsrdə Avropanın böyük futbol beşliyi milli birinciliklərinin komandaları arasında mövsümü məğlubiyyətsiz başa vurmuş 3-cü komanda kimi tarixə düşüblər. “Bayer”ə qədər müvafiq nailiyyətə “Arsenal” (2003/2004-cü illər mövsümü) və “Yuventus” (2011/2012-ci illər mövsümü) imza atmışdılar.
Həmçinin “Bayer” 2023/2024 mövsümündə 51 oyundan ibarət məğlubiyyətsiz oyunlar silsiləsinə nail olub ki, bu da mütləq Avropa rekordudur.