Xames Rodriqes Amerika Kubokunda mütləq rekorda imza atdı

2024-cü il Amerika Kubokunun Uruqvayla yarımfinal oyunu Kolumbiya yığmasının yarımmüdafiəçisi Xames Rodriqes üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, Kolumbiya yığmasının 1:0 hesabı ilə qalib gəldiyi oyunda Rodriqes 1 məhsuldar ötürmə ilə fərqlənib.

Bununla da o, Amerika Kubokunda yeni rekorda imza atıb. 32 yaşlı futbolçu Amerika Birləşmiş Ştatlarında təşkil olunmuş yarışda assistlərin sayını altıya çatdırıb. Yarımmüdafiəçi bir turnirdə bu rəqəmə çatan ilk oyunçudur.

Xatırladaq ki, Rodriqesə qədər Amerika Kubokunda yalnız 3 futbolçu 5 məhsuldar ötürməyə nail ola bilmişdi: Denilson (Braziliya, AK-1997), Aleks (Braziliya, AK-2004) və Lionel Messi (Argentina, AK-2021). Rodriqes öz nəticəsini daha da yaxşılaşdırmaqla mütləq rekorda nail olub.

Qeyd edək ki, Kolumbiya millisi Amerika Kubokunun finalında Argentina yığması ilə üz-üzə gələcək. İyulun 14-də baş tutacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 04:00-da start veriləcək.

Hazırda “San Paulo”da forma geyinən Xames Rodriqesin Braziliya klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var. Kolumbiyalı futbolçu “San Paulo”da indiyə qədər 22 oyuna çıxıb, 2 qol və 4 məhsuldar ötürmə müəllifi olub.

32 yaşlı hücumameyilli yarımmüdafiəçi peşəkar karyerasına Kolumbiyanın “Enviqado” klubunda başlayıb. Daha sonra o, Argentinanın “Banfild” klubuna transfer edilib. 2010-cu ildə Avropaya üz tutan yarımmüdafiəçi, əvvəlcə “Portu”da, daha sonra “Monako”da forma geyinib. 2014-cü ildə isə onu Madrid “Real”ı öz heyətinə qatıb. İspaniya nəhəngində oynadığı dönəmdə 2 il Almaniyanın “Bayern” klubuna icarəyə də verilmiş Xames, 2020/2021 mövsümünü də “Everton”da keçirib. “Əl Rayyan” onu məhz İngiltərə klubundan 8 milyon avro qarşılığında transfer etmişdi. Xames 2022-ci ilin sentyabr ayında Qətərin “Əl Rayyan” klubundan azad agent kimi ayrılaraq Yunanıstan “Olimpiakos”una keçmişdi. Amma 2023-cü ilin aprelində tərəflər qarşılıqlı razılıq əsasında həmin müqaviləyə xitam vermişdilər.

Xames Rodriqes 2011-ci ilin oktyabr ayında debüt etdiyi Kolumbiya yğmasında 105 oyuna çıxıb. O, bu oyunlarda 28 qola imza atıb, 33 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 3,5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: