Xames Rodriqes: “Bütün diqqətimi Amerika Kubokuna vermişəm”

“San Paulo”nun yarımmüdafiəçisi Xames Rodriqes “Boka Xuniors”a keçə biləcəyi ilə bağlı yayılan söz-söhbətləri cavablandırıb.

Arena.az xəbər verir ki, Kolumbiya yığmasının da üzvü olan 32 yaşlı hücumameyilli yarımmüdafiəçi bunları dilə gətirib:

“Mən indi “Boka Xuniors” ilə müqavilə imzalamağı və ya Argentinaya köçməyi planlaşdırmıram. Bütün diqqətimi Amerika Kubokuna vermişəm. Bundan sonra gələcəyimə qərar verəcəyəm”, deyə Rodriqes vurğulayıb.

Xatırladaq ki, Xames Rodriqesin indiki klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var.

Xames Rodriqes peşəkar karyerasına Kolumbiyanın “Enviqado” klubunda başlayıb. Daha sonra o, Argentinanın “Banfild” klubuna transfer edilib. 2010-cu ildə Avropaya üz tutan yarımmüdafiəçi, əvvəlcə “Portu”da, daha sonra “Monako”da forma geyinib. 2014-cü ildə isə onu Madrid “Real”ı öz heyətinə qatıb. İspaniya nəhəngində oynadığı dönəmdə 2 il Almaniyanın “Bayern” klubuna icarəyə də verilmiş Xames, 2020/2021 mövsümünü də “Everton”da keçirib. “Əl Rayyan” onu məhz İngiltərə klubundan 8 milyon avro qarşılığında transfer etmişdi. Xames 2022-ci ilin sentyabr ayında Qətərin “Əl Rayyan” klubundan azad agent kimi ayrılaraq Yunanıstan “Olimpiakos”una keçmişdi. Amma 2023-cü ilin aprelində tərəflər qarşılıqlı razılıq əsasında həmin müqaviləyə xitam vermişdilər.

Kolumbiyalı hücumçu “San Paulo”da indiyə qədər 22 oyuna çıxıb, 2 qol və 4 məhsuldar ötürmə müəllifi olub.


Rodriqes 2011-ci ilin oktyabr ayında debüt etdiyi Kolumbiya yğmasında 100 oyuna çıxıb. O, bu oyunlarda 27 qola imza atıb, bir o qədər də assist edib.

“Transfermarkt” internet-portalı 32 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 3,5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: