Xaniyev Tiranada dünya çempionu oldu

Azərbaycan güləşçisi Maqomed-Başir Xaniyev Albaniyada keçirilən gənclər arasında (U-23) dünya çempionatının qalibi olub.

Arena.az xəbər verir ki, Albaniyanın paytaxtı Tiranada 23 yaşadək güləşçilər arasında təşkil olunmuş dünya çempionatına bu gün yekun vurulub.

Həftəsonu sərbəst güləş üzrə son 5 çəkidə qaliblər müəyyənləşib.

Vasif Bağırov (57 kq) debütdə ermənistanlı Manvel Xndzrtsyana (2:12) məğlub olub.

Rəşid Babazadə (65 kq) bəhreynli Alibeq Alibeqova (5:1) və fransalı Xamzat Arsamerzoyevə (2:1) qalib gələrək 1/4 finala yüksəlib. Həmyerlimiz yarımfinal uğrunda mübarizədə özbəkistanlı Umidcan Jəlalovla bacarmayıb – 0:11.

Maqomed-Başir Xaniyev (70 kq) startda belçikalı Muhammad Abduraxmanovu “tuş”la üstələyib. Təmsilçimiz 1/8 finalda Puerto-Riko idmançısı Elih Riveranı da vaxtından əvvəl xalçadan məyus yola salıb – 10:0. Xaniyev növbəti mərhələdə gücünü tacikistanlı Mustafa Axmedova göstərib – 10:4. Maqomed-Başir yarımfinallda isə hindistanlı Sucet Sucetdən “tuş”la üstün olub. Milli üzvü finalda rusiyalı Maqomed Eltemirovla qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə minimalhesablı qələbə (5:4) qazanan Xaniyev dünya çempionu olub.

Ali Tsokayev (79 kq) təsnifat mərhələsində albaniyalı Aryan Danaya tam üstünlüklə (11:0) qalib gəlib. Amma o, 1/8 finalda ukraynalı İvan Haraşukla görüşdə zədələndiyi üçün mübarizəni başa vurub.

Aslan Abakarov (97 kq) ilk mərhələdə iranlı Mehdi Hacıloyana (0:10) uduzub. O, təsəlliverici görüşdə isə amerikalı Massoma Endeneyə (7:7) məğlub olub.

Qeyd edək ki, mundialda yunan-Roma güləşçilərimizdən Rəşad Məmmədov (55 kq) gümüş, Nihat Quluzadə (60 kq) ilə Xasay Həsənli (77 kq) bürünc medal qazanıb. Qadın güləşçilərimizdən Jalə Əliyeva (57 kq) isə dünya çempionu olub. Sərbəst güləş yığmamızın heyətində Ruslan Abdullayev (61 kq) və Arseni Djioyev (86 kq) gümüş, Cəbrayıl Qadjiyev (74 kq) isə bürünc əldə edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: