“Barselona”nın baş məşqçisi Xavi aldığı qırmızı vərəqəyə görə UEFA tərəfindən avrokuboklarda iki oyunluq diskvalifikasiya edilib.
Arena.az bu barədə AS dərgisinə istinadən məlumat verir.
Müvafiq cəza ispan mütəxəssisin Çempionlar Liqasının 1/4 finalının PSJ ilə Barselonadakı cavab oyununda (1:4) aldığı qırmızı vərəqə müqabilində tətbiq edilib.
Mənbənin məlumatına görə, “blauqrana”nın kapitanı, ispan mərkəz yarımmüdafiəçisi Serxi Roberto da eyni cəza ilə üzləşib. Serxi Roberto daha əvvəl sarı vərəqələrin həddini keçdiyi üçün bu oyunda iştirak etməsə də, oyunun hakimi ilə höcətləşib mübahisə etdiyi üçün cəza alıb.
Bundan əlavə, “Barselona” 60 min avro məbləğində cərimələnib. Belə ki, Kataloniya nəhəngi “blauqrana”nın komanda üzvlərinin qonaqlara münasibətdə nalayiq davranışına görə 26 min avro məbləğində, azarkeşlərinin isə meydanya müxtəlif əşyalar atdığına görə 26,2 min avro məbləğində cərimə ödəməyə mükəlləfdir. “Barselona” həmçinin qaçaraq meydana daxil olmuş azarkeşlərinə görə daha 5 min avro məbləğində ziyana uğrayıb.
Xatırladaq ki, Parisdəki oyunda 2:3 hesabı ilə məğlub olmuş PSJ, Kataloniya paytaxtında “Barselona”nı 4:1 hesabı ilə məğlub edərək, Çempionlar Liqasının yarınfinalına vəsiqə qazanmışdı.


