İspaniya çempionu “Barselona”nın baş məşqçisi Xavi Kataloniya klubunun bu yay həyata keçirdiy son transferlərlə bağlı fikrini bildirib.
Arena.az xəbər verir ki, o, icarəyə verilmiş Ansu Fati və icarəyə götürülmüş portuqal futbolçular – Joao Feliks və Joao Kanselo haqda danışıb.
Xavi Ansu Fatinin “Brayton”a icarəsini futbolçuya bəslənən böyük ümidlərdən qaynaqlandığını qeyd edib. O, vurğulayıb ki, Fati tərəqqi edib geri qayıtmalıdır:
“İcarədən sonra Ansu Fatinin qayıdışı? Əsas məqsəd budur. O, oynamaq məcburiyyətində olduğunu hiss edir. Məqsəd onun geri qayıtmasıdır: o, klubun mirası olmağa davam edir, məqsəd – onun qayıdıb “Barselona”da uğur qazanmasıdır”.
Ansu Fati 2023/2024 mövsümün sonuna qədər “qağayılar”ın xidmətində olacaq.
“Barselona” Joaoları universallığına görə seçib?
Xavi həmçinin icarəyə götürülmüş portuqal futbolçular haqda fikrini bildirib. Mütəxəssis Joao Feliksin universallığına və sürətinə bel bağlamaqla yanaşı, hücumçunun “Barselona”ya uyğun gəldiyini vurğulayıb:
“O, sağda, solda, mərkəzdə oynaya bilir, çoxyönlüdür və demək olar ki, top itirmir. Onun “Barselona”da uğur qazanmaq üçün əla keyfiyyətləri var. Mən “Atletiko” ilə heç bir müqayisə aparmaq niyyətində deyiləm. Mənim buna dair həm məlumatım, həm də fikrim yoxdur. Biz Joaonu sevgi ilə əhatə edəcəyik və ona kömək edəcəyik. Əminik ki, o, bizə böyük fayda gətirə bilər.
Feliks bizim üçün bütünlüklə və tamamilə uyğundur. O, həmişə “Barsa”ya xoş gəlib – yalnız prezidentə yox. O, sürətlidir, qol vurmağı bacarır, hücumda üç mövqedən hər hansı birinə uyğunlaşa bilir”, – “Marca” Xavidən sitat gətirir.

Joao Konseluya gəlincə, Xavi onun da çox universal olduğunu, hər iki cinahda yararlı ola biləcəyini qeyd edib:
“Bizim komandamızda üç qapıçının eyni vaxtda istifadəsi istisna olmaqla, meydanda istənilən rol və mövqe kombinasiyası baş verə bilər. Biz – hücum edən komandayıq, ona görə də iki hücum yönümlü cinah müdafiəçisinə sahib olmağı özümüzə rəva görə bilərik. Kanselo müdafiəçi mövqeyində, cinah yarımmüdafiəçisi və hətta hücumçu kimi də oynaya bilər. Onun gerçək mövqeyi sağ cinah müdafiəçisidir, amma o, çoxyönlüdür və hər iki cinahda bizə kömək edə bilər”.
Xatırladaq ki, həm Joao Feliks və həm də Joao Kanselo 2023/2024 mövsümünü “Barselona”nın xidmətində olacaqlar. Kataloniya nəhəngi Joao Feliksi Madrid “Atletiko”sundan, Joao Kanselonu isə “Mançester Siti”dən icarəyə götürüb.


