Xavi cari mövsümdə yol verdiyi taktiki xətaları etiraf etdi

“Barselona”nın baş məşqçisi Xavi Kataloniya klubunun məşqçilər qərargahının cari mövsümdə hansı səhvlərə yol verdiyini açıqlayıb.

Arena.az “Mundo Deportivo” nəşrinə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Biz məşqçilər qərargahı olaraq uğursuzluğa düçar olduq. Təmiz dayaq yarımmüdafiəçisiz oynadıq, bu isə mövsümə təsir etdi. Biz tarazlığı bərpa etməliyik. Zəiflik mənim də təqsirimdir, həmçinin qərargahın da. Özünütənqidlə məşğul olmaq gərəkdir. Geniş sahədə və çalımlarda daha böyük üstünlüyümüz əskik idi… Bunlar məşqçilər qərargahının səhvləri idi. Özümüzə tənqidi yanaşmaq lazımdır. Növbəti mövsümdə düzəliş edilməli olan məqamlar var”, deyə Xavi bildirib.

“Barselona” 34 oyundan 73 xalla La Liqanın yarış cədvəlində şərti olaraq 3-cü pilədə qərarlaşıb. 36 oyundan 75 xalla Kataloniyanın digər təmsilçisi “Jirona” 2-cidir. La Liqaya çempionluğu erkən təmin etmiş “Real” 90 xalla başçlıq edir.

“Barselona” cari mövsümdə İspaniya Kral Kubokunda Bilbao “Atletik”inə (əlavə vaxtda: 2:4) məğlub olub. İspaniya Super Kubokunda isə “blauqrana”nı finalda əzəli rəqibi “Real” əzişdirib: 1:4. Çempionlar Liqasında gəlincə, “Barselona” yarımfinalda PSJ ilə qarşılaşıb və Parisdəki 3:2 hesablı qələbəsinin ardınca, evdə 1:4 hesabı ilə məğlub olaraq mübarizəsinə xitam verib. Bir sözlə, cari mövsümü “Barselona” böyük uğursuzluqla başa vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: