İspaniyalı baş məşqçi Xavi İspaniya çempionu “Barselona”dan ayrılacağını bəyan edəndən sonra komanda məğlub olmayıb.
Arena.az xəbər verir ki, Kataloniya təmsilçisi son olaraq UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda Fransada PSJ-ni məğlub edib – 3:2.
Kataloniyalıların sonuncu məğlubiyyəti bu il yanvarın 27-nə təsadüf edib. Xavinin yetirmələri həmin gün İspaniya çempionatında “Vilyarreal”a 3:5 hesabı ilə uduzublar.
Xatırladaq ki, 44 yaşlı mütəxəssis məhz həmin görüşdən sonra mövsümün sonunda klubdan ayrılacağını açıqlamışdı. “Barselona” həmin vaxtdan bəri keçirdiyi 12 oyunda 9 qələbə qazanıb, 3 heç-heçə ilə yadda qalıb.
Xavi “Barselona”nı 2021-ci ilin noyabrından çalışdırır. 44 yaşlı Mütəxəssisin Kataloniya nəhəngi ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. “Barselona” Xavinin məşqçilik karyerasında ilk nəhəng komandadır. Buna qədər ispan mütəxəssis Qətərin “Əl-Sədd” komandasını çalışdırıb və komandaya Qətərin yerli əhəmiyyətli bütün qənimətlərini qazandırmağı bacarıb.
“Barselona” Xavinin rəhbərliyi altında bütövlükdə 134 oyun keçirib. Komanda bu görüşlərdə 85 qələbə qazanıb, 23 heç-heçə edib və 26 məğlubiyyətə üzülüb.
Geridə qalmış 2022/2023 mövsümündə mütəxəssis “Barselona”ya İspaniya La Liqasını və İspaniya Super Kubokunu qazandırıb. Futbol ölçüləri ilə gənc sayıla biləcək məşqçinin 24 ili “Barselona”da keçib. O, futbolçu kimi 17 il “Barselona”nın əsas komandasında çıxış edib.
Hazırda Xavinin “Barselona”sı İspaniya La Liqasının 30 turundan sonra 67 xalla yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. La Liqaya 75 xalla “Real” başçılıq edir.


