“Barselona”nın keçmiş baş məşqçisi, ispan mütəxəssis Xavi “blauqrana”nın prezidenti Joan Laportanın sözlərindən narazı qalıb.
Arena.az AS dərgisinə istinadən məlumat verir ki, söhbət, Laportanın, artıq geridə qalmış 2023/2024-cü illər mövsümündə “Barselona”nın fiziki hazırlığının zəifliyindən əziyyət çəkməsi ilə bağlı səsləndirdiyi fikirlərindən gedir.
Mənbənin məlumatına görə, Xavi və onun məşqçilər qərargahı Laportanın açıqlamalarına təəccüblənib və üzülüblər. Onlar hesab edirlər ki, fiziki hazırlıq üzrə məşqçi İvan Torresin işi mütləq həddə çatıb və fiziki cəhətdən “blauqrana” indikindən daha yaxşı inkişaf edə bilməz.
Bildirilir ki, “Barselona” prezidentinin, yeni baş məşqçi, alman mütəxəssis Hans-Diter Flikin komandanı fiziki cəhətdən təkmilləşdirəcəyi ilə bağlı sözlərinə cavab olaraq Xavinin ətrafındakılara “fiziki formanı yanvarda baxıb-görəcəyik”, deyə qarşılayıb.
Xatırladaq ki, mayın 24-də “Barselona” Xavini istefaya göndərib. O, 2021-ci ilin noyabrından bu komandaya rəhbərlik edirdi. İspan mütəxəssisin yerinə “blauqrana”nın sükanı arxasına alman mütəxəssis Hans-Diter Flik təyin edilib.
“Barselona” Xavinin rəhbərliyi altında ümumilikdə 143 oyun keçirib. “Barsa” bu oyunlarda 91 qələbə qazanıb, 23 heç-heçə edib və 29 məğlubiyyətə üzülüb. “Blauqrana”nın top fərqi isə 280:158 nisbətindədir.
2022/2023 mövsümündə mütəxəssis “Barselona”ya İspaniya La Liqasını və İspaniya Super Kubokunu qazandırıb. Futbol ölçüləri ilə gənc sayıla biləcək mütəxəssisin 24 ili məhz “Barselona”da keçib. Xavi futbolçu kimi 17 il Kataloniya klubunun əsas komandasında çıxış edib.
“Barselona” La Liqada 2023/2024 mövsümünü 85 xalla 2-ci pillədə başa vurub. 95 xal toplamış “Real” isə İspaniya çempionu olub.


