“Barselona”nın sabiq çalışdırıcısı Xavi Hernandes futbol üzrə Niderland milli komandasının baş məşqçisi vəzifəsinə təyin edilib.
Arena.az bu barədə Niderland Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir.
İspaniyalı mütəxəssislə 2030-cu ildə keçiriləcək dünya çempionatının sonuna qədər nəzərdə tutulmuş 4 illik müqavilə imzalanıb.
Xavi bu vəzifədə DÇ-2026-dan sonra istefa vermiş Ronald Kumanı əvəzləyib.
Xatırladaq ki, İspaniya millisinin və “Barselona”nın sabiq üzvü 2019-2021-ci illərdə Qətərin “Əl-Sədd” komandasını çalışdırıb. O, 2021-ci ildən 2024-cü ilə qədər “Barselona”nın baş məşqçsi olub. Xavinin rəhbərliyi altında Kataloniya klubu İspaniya La Liqasını və İspaniya Super Kubokunu qazanıb.
Ronald Kuman isə dünya çempionatındakı (DÇ-2026) uğursuz çıxışdan sonra Niderland yığmasının sükanı arxasından ayrılıb. 63 yaşlı mütəxəssis ilk dəfə Niderland millisini 2018-2020-ci illərdə çalışdırıb və komandanı UEFA Millətlər Liqasının finalına, həmçinin uzun fasilədən sonra Avropa çempionatının final mərhələsinə çıxarıb. Daha sonra “Barselona”ya yollanan mütəxəssis 2023-cü ildə yenidən yığmanın sükanı arxasına qayıtmışdı. Onun rəhbərliyi altında Niderland millisi AÇ-2024-də yarımfinala yüksəlsə də, DÇ-2026-da 1/16 final mərhələsində mübarizəni dayandırıb.


