“Barselona”nın baş məşqçisi Xavi İspaniya La Liqasının 35-ci turunda “Real Sosyedad” üzərində ev qələbəsini (2:0) şərh edib.
Arena.az “Movistar” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Bu komanda ilə həmişə çətin olur. Onlara qarşı imkan yaratmaq çətindir. Həmçinin, onların bu gün beş yarımmüdafiəçi ilə meydana çıxacağını gözləmirdik – bu, həmişə işimizi çətinləşdirir. Mənə elə gəldi ki, onlar komanda kimi yaxşı oynadılar.
“Jirona”ya məğlubiyyətdən sonra ikinci yerə qayıtdıq və düşünürəm ki, yaxşı oyun keçirdik”, deyə Xavi bildirib.
35 oyunda 76 xal toplamış “Barselona” La Liqanın yarış cədvəlində 2-ci pillədə qərarlaşıb. Kataloniyanın digər təmsilçisi “Jirona” isə 75 xalla 3-cüdür. Hər iki kollektiv La Liqanın “gümüş”ü uğrunda mübarizəsini davam etdirir.
La Liqaya, çempionluğunu erkən surətdə təmin etmiş “Real” başçılıq edir. “Kral klubu”nun 90 xalı var.


