Meksikalı futbol mütəxəssisi Xavyer Aqirre məşqçilik karyerası ərzində üçüncü dəfə Meksika millisinin baş məşqçisi təyin olunub.
Arena.az xəbər verir ki, bu barədə Meksika Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, milli komanda Xavyer Aqirreyə tapşırılıb. Onunla imzalanan müqavilənin müddəti və digər detalları hələlik açıqlanmayıb. Amma mətbuatda tərəflərin 2 illik anlaşdığı (2026-cı ilin 30 iyununa qədər) anlaşdığı qeyd olunur.
65 yaşlı Aqirrenin əsas köməkçisi “Barselona”nın sabiq müdafiəçisi, Meksika millisinin sabiq kapitanı Rafael Markes olacaq. Hansı ki, o, bu təklifə görə “Barselona”nın B komandasının baş məşqçisi postundan ayrılmaq qərarına gəlib. İspaniya nəhəngi sabiq futbolçusuna və məşqçisinə xidmətlərinə görə təşəkkür edib, ona yeni işində uğurlar arzulayıb.
Xatırladaq ki, Meksika millisinin son baş məşqçisi Xayme Losano idi. Meksika yığması 2024-cü il Amerika Kubokunda pley-offa çıxa bilmədiyi üçün Losano bu ayın 17-də istefa vermişdi.
Xavyer Aqirre isə son olaraq İspaniyanın “Malyorka” komandasına rəhbərlik edib. O, 2022-ci ilin martından çalışdırdığı bu klubla 2023/2024 mövsümünün sonunda bitən müqaviləsini yeniləməmişdi.
Qeyd etdiyimiz kimi, bu, Aqirrenin Meksika yığmasındakı üçüncü təyinatıdır. O, ilk dəfə 2001-2022-ci illər aralığında yığmaya rəhbərlik edib – 27 oyun, 17 qələbə, 3 heç-heçə, 7 məğlubiyyət. Təcrübəli mütəxəssis 2009-2010-cu illərdə də millini çalışdırıb – 32 oyun, 20 qələbə, 6 heç-heçə, 6 məğlubiyyət.
65 yaşlı meksikalı mütəxəssis karyerası ərzində Yaponiya və Misir yığmalarına da rəhbərlik edib. Onun çalışdırdığı komandalar arasında “Atlante”, “Paçuka”, “Osasuna”, “Atletiko” (Madrid), “Saraqosa”, “Espanyol”, “Əl-Vahda”, “Leqanes”, “Monterrey” də var.
Yeri gəlmişkən qeyd edək ki, Aqirrenin bu yay yollarını ayırdığı “Malyorka”nın da yeni baş məşqçisi məlumdur. La Liqa təmsilçisinə yeni mövsümdə Yaqoba Arrasate rəhbərlik edəcək. İspan məşqçi ilə 3 illik müqavilə imzalanıb.


