“Real”ın almaniyalı keçmiş yarımmüdafiəçisi Sami Xedira 2024-cü ildə “Qızıl top”u kimin qazanmağa layiq olduğu sualını cavablayıb.
Arena.az “Marca” nəşrinə istinadən, keçmiş futbolçunun bu barədə qənaətini təqdim edir:
“Mən özüm də yarımmüdafiəçi idim və Rodriyə heyranam. “Mançester Siti”nin indi Rodrisiz hansı halda olduğuna baxsanız, onun əhəmiyyəti aydın olar. AÇ-2024-də stadionda onun oynadığı dörd oyuna baxdım. Əvvəlcə bütün oyunçuları meydana çıxarır, sonra isə onları oynamağa sövq edir. Bu, inanılmazdır.
Amma Vinisius da var, o da bu mükafata layiqdir. “Real” nə edəcəyini bilməyəndə topu Vinisiusa verir və fərqi o, yaradır. Amma onun davranışı haqqında da nəsə demək gərəkdir. Çox vaxt o, qəzəbli təsir bağışlayır. Kristiano Ronaldo da gənc olanda eyni idi, amma o, tez dəyişdi. Vinisius Messi, Zidan, Kristiano, Xavi kimi olmaq istəyirsə, o zaman rəqibinə və hakimlərinə azacıq hörmətlə yanaşmalıdır.
“Vinisius “1” nömrədir”
Bununla belə, futbola gəldikdə, Vinisius “1” nömrədir. Mən fərdi mükafatların böyük pərəstişkarı deyiləm, amma fikrimcə, Rodri və “Vini” bu ilin ən yaxşıları idilər. “Vini” azacıq dəyişib daha hörmətli olsa, üç-dörd “Qızıl top” qazanacaq”, deyə Xedira vurğulayıb.
Xatırladaq ki, 2024-cü il üçün “Qızıl top” məhz “Real”ın braziliyalı ulduz hücumçusu Vinisius Juniora təqdim edilməli idi. Amma təqdimat mərasiminin başlanmasına saatlar qalmış sızmış məlumata görə, ən nüfuzlu fərdi futbol mükafatının “Mançester Siti”nin ispan dayaq yarımmüdafiəçisi Rodriyə veriləcəyi məlum olub. “Real” və “Vini” həmin tədbirə qatılmayıblar, “Qızıl top” isə Rodriyə verilib. Bu, futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb.
Vinisius Junior “Flamenqo”nun yetirməsidir. Braziliyalı cinah hücumçusu “Real”a 2018-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində elə, “Flamenqo”dan keçib.
Vinisiusun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə “Vini” madridlilərin heyətində 19 oyuna çıxıb, 13 qol və 9 məhsuldar ötürmə ilə fərqlənib.
Vinisiusun “Real”da çıxışının ümumi mənzərəsi isə belədir: 283 oyun, 96 qol, 84 məhsuldar ötürmə.
“Vini” “qaymaqlılar”la İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2024/2025), FIFA Klub Dünya Kubokunun (2019, 2023) qalibi olub.
Vinisius Junior 2019-cu ilin sentyabrında debüt etdiyi Braziliya milli komandasının heyətində 37 oyun keçirib, 5 qol vurub və 5 məhsuldar ötürmə verib. “Vini” Braziliyanın U-15, U-17 komandaları ilə Cənubiamerikan Çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 24 yaşlı braziliyalı sol vingerin transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir. Bu məbləğ “Vini”nin dünyanın ən bahalı iki futbolçusundan biri olması deməkdir.


