Xese: “Mbappe “Real”la bağlı mənimlə məsləhətləşib”

“Real”ın keçmiş hücumçusu Xese Rodriges bildirib ki, fransalı futbolçu Kilian Mbappe Madrid klubuna keçməzdən əvvəl onunla məsləhətləşib.

Arena.az xatırladır ki, hazırda Malayziyanın “Cohor Darul Ta’zim” klubunda çıxış edən ispan futbolçu vaxtilə fransalı ulduzla birgə əvvəllər PSJ-də çiyin-çiyinə oynayıb.

O, Mbappenin “Real”dakı çıxışı barədə bunları dilə gətirib: “Mbappenin böyük ulduz olacağı aydın idi. Madridə köçməzdən əvvəl o, mənimlə “Real” haqqında danışmışdı. Mən ona demişdim ki, bu, dünyanın ən yaxşı klubudur və əgər o, “Qızıl top”u qazanmaq istəyirsə, ora getməlidir. İndi görək kim qazanacaq – o, yoxsa Vinisius Junior”, deyə Xese “aranı qızışdırıb”.

Xatırladaq ki, Kilian Mbappe İspaniya La Liqasının 15-ci turunda “Real”ın “Santyaqo Bernabeu”da “Xetafe” üzərində 2:0 hesablı qələbəsinə vuduğu qolla töhfəsini verib.

Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib.

2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-yə keçib. Kilian 2018-2024-cü illər aralığında Paris klubunun heyətində 307 oyuna çıxıb, 256 qol, 108 məhsuldar ötürmə ilə yadda qalıb. Vurduğu 256 qolla Mbappe PSJ tarixinin ən sərrast futbolçusudur.

Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrılaraq “Real”a keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Cari mövsümdə Mbappe “Real”ın heyətində 19 oyuna 10 qol vurub, 2 məhsuldar ötürmə verib.

Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 86 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: