İspaniyanın “Real” (Madrid) klubunun sabiq hücumçusu Xese Rodriqes özünə yeni iş yeri tapıb. Arena.az xəbər verir ki, 29 yaşlı futbolçu bundan sonra Türkiyənin “Ankaragücü” klubunun formasını geyinəcək.
Bu barədə Super Liqa klubunun mətbuat xidməti məlumat yayıb. İspaniyadan olan futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
Xese Rodriqes Madrid “Real”ının yetirməsidir. O, 2011-ci ildə cəlb olunduğu bu klubun əsas komandasında 5 il forma geyinib. 2016-cı ildə isə paytaxt klubu yetirməsini 25 milyon avroya PSJ-yə satıb. Amma Xesenin PSJ karyerası uğursuz alınıb. O, Paris təmsilçisində cəmi 18 oyuna çıxıb və 2 qola imza atıb. Bu üzdən də forvard daha çox digər klublara icarəyə verilib. İspan forvard “Las Palmas”, “Stok Siti”, “Betis” və “Sportinq”də icarədə oynayıb. 2021-ci ilin fevralında isə “Las Palmas” onu birdəfəlik heyətinə qatmışdı. Amma təcrübəli forvard bu yay İspaniya klubundan ayrılıb və Türkiyədə oynamağa qərar verib.


