UEFA Millətlər Liqasının Xorvatiya ilə final oyunu İspaniya millisinin müdafiəçisi Xesus Navas üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, təcrübəli futbolçu komandası ilə bu turnirin qalibi (0:0, penaltilər 5:4) olub.
Nəticədə veteran müdafiəçi futbol tarixində dünya çempionatını, Avropa çempionatını və Millətlər Liqasını qazanmış ilk futbolçu olub.
Həmçinin Xesus Navas İspaniya yığmasının tarixində ən yaşlı oyunçu olub – 37 yaş, 209 gün. Navas 1972-ci ildə Yunanıstan yığmasına qarşı keçirilən yoldaşlıq oyununda 36 yaş 346 günlüyündə meydanda çıxmış Luis Suares Miramontesin rekordunu yeniləyib.
Onun komanda yoldaşı Qavi isə İspaniya yığması ilə titul qazanmış ən gənc oyunçu olub – 18 yaş 317 gün.
Navas və Qavi birlikdə İspaniya yığması üçün daha bir rekord müəyyənləşdiriblər: onlar ən böyük yaş fərqinə malikdirlər (18 yaş 258 gün) ki, bu da DÇ-2010-da Səudiyyə Ərəbistanı yığmasına qarşı oyunda meydana çıxmış Santyaqo Kanisareslə Sesk Fabreqas arasındakı yaş fərqini üstələyir (17 yaş 137 gün).
Daha iki ispan oyunçu üçün (Daniel Karvaxal və Naço Fernandes) bu, 15-ci beynəlxalq qənimətdir (klub və yığma turnirləri daxil).
Yalnız 3 futbolçu daha çox titul qazanıb: Kafu (18), Toni Kroos (17), Daniel Alves (16).
Daha iki oyunçu da 15 qənimət qazanıb: Hossam Hassan və Kərim Benzema.
Fabian Ruis isə İspaniya yığmasının uğur talismanıdır: “La Roxa” onun komandada olduğu 17 oyundan heç birində məğlub olmayıb.
İspanlar fransızların rekordunu təkrarladılar
- 2023 Millətlər Liqası İspaniya yığması üçün DÇ-2010 və üç Avropa çempionatından sonra (AÇ-64, AÇ-2008, AÇ-2012) 5-ci qənimətdir.
- İspaniya yığması Fransa yığmasından sonra dünya çempionatını, Avropa Çempionatını, Olimpiadanı və Millətlər Liqasını qazanmış ikinci yığmadır.
- İspaniya yığması Millətlər Liqasının finalında iki əvvəlki beynəlxalq turnirin finalında məğlubiyyətdən (2013 Konfederasiyalar Kubokunda Braziliya millisinə 0:3, 2021 Millətlər Liqasında Fransaya 1:2) sonra qalib gəlib.
- Bu, İspaniya yığması üçün (hər ikisi uğurlu) 2010-cu il Dünya Çempionatından sonra əlavə vaxtda keçmiş ikinci final idi (Hollandiyaya qarşı 1:0).
- Son 25 il ərzində Xorvatiya yığması əlavə vaxtın mümkün olduğu 1З oyun keçirib (DÇ, AÇ və Millətlər Liqasında) və bu oyunlardan 10-nu əlavə vaxta daşıyıb.
- Xorvatlar əvvəlki 4 turnirdə penaltilərlə qalib gəldikdən (DÇ-2018-də Danimarka və Rusiya, DÇ-2022-də Yaponiya və Braziliya) sonra penaltilər seriyasında məğlub olublar.
- Erlinq Halan və Aleksandr Mitroviç 2022-2023 Millətlər Liqasının ən sərrast futbolçuları olublar (hər biri 6 qol). Mitroviç həmçinin 2018-2019 mövsümünün ən yaxşı bombardiri olub (6 qol).


