Madrid təmsilçisi “Xetafe” PSJ-nin fransalı ulduzu, hücumçu Kilian Mbappenin transferinə sosial şəbəkələrdə zarafatla eyham vurub.
Arena.az məlumat verir ki, İspaniya klubu Mbappenin “Xetafe”nin formasında şəklini paylaşıb.
Xatırladaq ki, daha əvvəl fransalı ulduzun PSJ rəhbərliyinə mövsümün sonunda Parisdən ayrılacağını bildirdiyi barədə məlumat yayılmışdı. Bundan əlavə, “Real”ın prezidenti Florentino Peresin artıq məşqçilər qərargahına Mbappenin “kral klubu”nun futbolçusu olacağı ilə bağlı xəbərdarlıq etdiyi də bildirilir. Mbappenin Madriddə fəal surətdə ev axtardığı barədə də məlumat vardı.
Mbappe PSJ-yə 2018-ci ilin iyulunda 180 milyon avro qarşılığında “Monako”dan keçib. Kilianın Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə ulduz hücumçu parislilərin heyətində bütün yarışlarda 30 oyuna çıxıb, 31 qol vurub, 7 məhsuldar ötürmə verib.
Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 75 oyun keçirib. Hücumçu bu oyunlarda 46 qol vurub, 30 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) qalibi olub.
“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu məbləğ Mbappenin dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.



