Xisko Munyos: “Zirə” səviyyəli rəqibdir”

“Dunayska Streda”nın baş məşqçisi Xisko Munyos Konfrans Liqasının 2-ci raundunda “Zirə”yə qarşı ilk oyundan öncə fikirlərini paylaşıb.

Arena.az xəbər verir ki, Slovakiya klubunun çalışdırıcısı bu gün Bakıda təşkil olunmuş mətbuat konfransında bunları dilə gətirib:

“Sabah bizi çətin oyun gözləyir. Rəqibin səviyyəsini bilirik. Mükəmmələ yaxın oyun oynamalıyıq. Rəqibin hücumdakı keyfiyyətindən xəbərdarıq. Səviyyəli rəqibə qarşı öz səviyyəmizi də görmüş olacağıq. Ən yaxşı oyunumuzu göstərməli və oyun üslubumuzu meydanda tətbiq etməliyik. Sabah yaxşı oyun görəcəyik. Çünki meydanda iki yaxşı komanda olacaq”.

Xisko Munyos Azərbaycana səyahət qrafikində etdikləri dəyişikliyin komandaya təsirindən də danışıb:

“Rəqibə təşəkkürümüzü bildiririk. Bizə bütün dəstəyi göstərdilər. İlkin plan məşqi burada etmək idi. Sadəcə, gec çatdıq. Qrafikimiz pozuldu. Məşqi öz bazamızda etmişik. Sabah kifayət qədər vaxtımız olacaq ki, istirahət edək. Çox dəyişiklik yoxdur. Hətta bu dəyişiklik daha yaxşı oldu”.

İspaniyalı mütəxəssis “Şerif” (Moldova) və “Zirə”ni müqayisə etməyi də unutmayıb:

“Hər iki komanda yaxşı idi. Oyunun taleyini kiçik detallar həll etdi. Hər iki komanda göstərdi ki, yaxşı səviyyədədir, yaxşı xarakteri var. 100 faizlərini meydanda qoydular. Sabah bizi yaxşı rəqib gözləyir. “Zirə” taktiki hazırlığı yaxşı olan komandadır. Sabah maksimum diqqətli olmalıyıq. Komanda tam hazırdır. Yeddi aydır səbirsizliklə bu anı gözləyirdik. Komanda üzvləri sabahkı oyunun necə vacib olduğunu anlayır”.

“Azərbaycanla bağlı həm pozitiv, həm də neqativ məqamlar var”

“Dunayska Streda”nın yarımmüdafiəçisi Kristian Herç də mətbuat konfransında iştirak edib. 25 yaşlı yarımmüdafiəçi bunları dilə gətirib:

“Komandada ab-hava yaxşıdır. Oyunu səbirsizliklə gözləyirik. Mövsümdəki ilk oyunumuzdur. “Zirə”nin keyfiyyətli komanda olduğunu bilirik. Amma biz də yaxşı komandayıq. Bizi sabah çətin oyun gözləyir. Komandamız yaxşı vəziyyətdədir. Sabahkı matçda son dəqiqəyə qədər mübarizə aparıb, lazım olan nəticəni əldə etmək istəyirik.

Ötən mövsümün sonundakı yaxşı komandanı kollektiv ruhuna bağlayardım. Məşqdə öyrəndiklərimizi meydana tətbiq etdik. Toplanışda da yaxşı hazırlaşdıq. “Zirə” yaxşı rəqibdir. Sabah çox çətin olacaq. Rəqib müdafiədə yaxşıdır. Düşünürəm ki, sabah rəqibin müdafiəsində boşluqlar tapıb, bundan istifadə etməyə nail olacağıq.

Azərbaycanın U-21 yığmasına qarşı oynamışam. Əsas millidə də həmçinin. Hər iki görüşü də bu stadionda oynamışdıq. U-21-də olanda, 1:2 uduzmuşduq, əsas millidə 1:0 udmuşduq. Azərbaycanla bağlı həm pozitiv, həm də neqativ məqamlar var.

“Qrasshopper”də Renat Dadaşovla birlikdə oynamışıq. Renat haqda mənfi söz deyə bilmərəm. Futbolçu və insan kimi əladır. Onunla indi də münasibətimiz var və danışırıq”.

Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Zirə” – “Dunayska Streda” sabah – iyulun 25-də “Dalğa Arena”da keçiriləcək. Oyuna saat 20:30-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: