Xose Luis Mendilibar “Olimpiakos”un tarixi zəfərindən danışdı

“Olimpiakos”un baş məşqçisi Xose Luis Mendilibar “Əfsanə”nin Konfrans Liqasının finalında “Fiorentina” üzərində qələbəsini (1:0) şərh edib.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, ispaniyalı bask mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Mən çox xoşbəxtəm və razıyam. Bütün azarkeşlərimizi sevindirdiyim üçün fəxr edirəm. “Olimpiakos” azarkeşlərinə belə hissi yaşatdığım üçün üçün böyük sevinc və xoşbəxtlik hiss edirəm və bu qələbəni onlara həsr edirəm. Sevinirəm ki, klubumuzun indiyədək əldə etmədiyi bir məqama nail olduq. Biz bunu layiqincə qeyd edəcəyik və bundan sonra növbəti işlər üzərində işə başlayacağıq”, deyə Mendilibar bildirib.

Xatırladaq ki, “Olimpiakos” 2023/2024-cü illər mövsümü Konfrans Liqasını qazanmaqla, avrokuboklar tarixində qənimət əldə etmiş ilk Yunanıstan klubu kimi adını futbol tarixinə yazıb.

“Olimpiakos”un baş məşqçisi Xose Luis Mendilibar üçün bu, ardıcıl ikinci uğurlu avrokubok finalıdır. 2022/2023-cü illər mövsümündə Mendilibarın mart ayında sükanı arxasına keçdiyi “Sevilya” Avropa Liqasının finalında “Roma”ya qalib gəlmişdi (əsas və əlavə vaxt: 1:1, penaltilərlə: 4:1).

Vurğulayaq ki, bu kuboklar 63 yaşlı bask mütəxəssisin karyerasında yeganə qənimətlərdir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: