Xoselu “Real”dakı gələcəyi ilə bağlı danışdı

“Espanyol”dan icarə əsasında “Real”da çıxış edən mərkəz hücumçusu Xoselu “qaymaqlılar”ın düşərgəsindəki gələcəyinə dair danışıb.

Arena.az ispan futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Mənim gələcəyim? Bu məsələnin həlli məndən asılı deyil. Ümid edək ki, Çempionlar Liqasını qazandıqdan sonra mövsümün başa çatması ilə bu barədə danışacağıq”.

Xoselu 2023-cü ilin iyulunda icarə əsasında “Espanyol”dan “Real”a keçib. “Kral klubu” cari mövsümün sonunda Xoselunu transfer etmək hüququna malikdir.

Cari mövsümdə Xoselu “Real”ın heyətində bütün yarışlarda 48 oyuna çıxıb. O, bu oyunlarda 17 qol vurub, 3 məhsuldar ötürmə verib.

Xoselunun qənimətlər muzeyində klub səviyyəsində qazandığı iki qənimət var. Bunlar da “Real”la qalibi olduğu cari mövsümün İspaniya Super Kuboku və İspaniya La Liqasıdır.

Xoselu 2023-cü ilin martında debüt etdiyi İspaniya yığmasının heyətində 10 oyuna 5 qol, 1 məhsuldar ötürmə ilə fərqlənib. Hücumçu 2023-cü ildə UEFA Millətlər Liqasının qalibi olub.

“Transfermarkt” internet-portalı 34 yaşlı hücumçunun transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: