İngiltərənin “Mançester Siti” klubu baş məşqçisi Xosep Qvardiola ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
İspaniyalı mütəxəssislə 2025-ci ilə qədər nəzərdə tutulan yeni müqavilə imzalanıb. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti 2023-cü ilin yayında başa çatmalı idi.
Xəbərdə o da bildirilir ki, 51 yaşlı çalışdırıcı komandada transfer strategiyası və müqavilələrlə birbaşa məşğul olacaq.
Xatırladaq ki, Xosep Qvardiola 2016-cı ildən “Mançester Siti”yə rəhbərlik edir. O, “şəhərlilər”i indiyə qədər 374 matça çıxarıb. Komanda bu görüşlərdə 271 qələbə qazanıb, 49 heç-heçə edib və 54 məğlubiyyətə üzülüb. Qvardiola 72,4 faizlik qələbə nisbətinə malikdir. Mançester təmsilçisi onun rəhbərliyi altında meydana çıxdığı matçlarda 921 qol vurub, bu da hər oyuna 2,46 qol deməkdir. Buraxılan qolların sayı isə 309-dur.
Qvardiola “Mançester Siti”dən əvvəl İspaniyanın “Barselona” və Almaniyanın “Bayern” komandalarında baş məşqçi kimi çalışıb. Bu klublarla da çoxlu titullar qazanmış mütəxəssis, “şəhərlilər”lə 4 dəfə (2017/18, 2018/19, 2020/21, 2021/22) İngiltərə çempionu olub. O, 2018/19 mövsümündə bu komandaya İngiltərə Federasiya Kubokunu, 2017/18, 2018/19, 2019/20 və 2020/21 mövsümlərində İngiltərə Liqa Kubokunu qazandırıb. 2018 və 2019-cu illərdə mançesterlilər İngiltərə Super Kubokunda da ən güclü olublar.


