Xosep Qvardiola: “Böyük klub” olmaq üçün…”

Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının finalında “İnter”ə qarşı keçirəcəkləri oyun barədə fikirlərini paylaşıb.

Arena.az UEFA-nın rəsmi saytına istinadən Xosep Qvardiolanın sözlərini diqqətinizə çatdırır:

“Bir çox klublar bu turniri qazana bilmədiklərinə görə öz ideyaları və layihələri ilə vidalaşdılar və eləcə də, bir çoxları isə qalib olduqları üçün böyük kluba çevriliblər. Mən bu məqamı bölüşmürəm, amma başa düşürəm ki, bu illər ərzində tərəfimizdən edilən və çox yaxşı olan hər şey, yerdə qalanlar üçün yalnız bizim bu turniri qazanacağımız halda məna kəsb edəcək. Qələbə olmayacağı halda da, “mənası az olacaq”. Bu, bir qədər ədalətsizdir, ancaq bunu qəbul etmək lazımdır. Bu, belə işləyir.

Həmçinin, biz qəbul etməliyik ki, böyük klub statusuna doğru həlledici addım atmaq istəyiriksə, Avropada qalib gəlməliyik. Çempionlar Liqasını qazanmalıyıq, bu, qaçılmazdır. Amma ən əsası, dönə-dönə bu turnirdə oynamağımızdır, finalda oynamaqdır. İki il əvvəl finala yüksəlmişdik, indi yenə finaldayıq. Məhz bu, böyük klubu müəyyənləşdirir. İldən-ilə Çempionlar Liqasının son mərhələlərində mübarizə aparırsan və kuboku qazanırsan”.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının 2022/2023 mövsümünün finalında İtaliyanın “İnter” və İngiltərənin “Mançester Siti” komandaları üz-üzə gələcəklər. Final oyunu şənbə günü – iyunun 10-da İstanbulun “Atatürk Olimpiya Stadionu”nda baş tutacaq. Oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

“Mançester Siti” 2020/2021 mövsümündə də Çempionlar Liqasının finalına yüksəlmiş, amma “Çelsi”yə 0:1 hesabıyla uduzaraq ikinci olmuşdu.