Bu yay “Yuventus”dan azad agent kimi ayrılmıış 35 yaşlı kolumbiyalı yarımmüdafiəçi Xuan Kuadrado Milan nəhəngi “İnter”ə keçib.
Arena.az bu barədə İtaliya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
Tərəflər arasında bir illik – 2024-cü il iyunun sonuna qədər razılıq əldə olunub. Kuadrado “İnter”ə azad agent qismində qoşulub. Yarımmüdafiəçinin “İnter”dəki məvacibi bonuslar nəzərə alınmadan ildə 2 milyon avro olacaq.
Geridə qalmış 2022/2023 mövsümündə Kuadrado “Yuventus”un heyətində 47 oyuna çıxıb, 2 qol vurub, 4 məhsuldar ötürmə verib. Kuadradonun “Qoca sinyora” ilə müqaviləsi bu il iyunun sonunda başa çatıb, tərəflər müqaviləni yeniləməyiblər.
Kuadrado 2015-ci ildən “Yuventus”da çıxış edirdi. Kolumbiyalı “Qoca sinyora” ilə 10 kubok qazanıb: 5 Skudetto, 3 İtaliya Kuboku və 2 İtaliya Super Kuboku. Kuadradonun “Yuventus” karyerasının ümumi mənzərəsi isə belədir: 314 oyun, 26 qol, 65 məhsuldar ötürmə. O, daha öncə “Çelsi”, “Fiorentina”, “Leççe”, “Udineze” və “İndependyente” (Medelin) kimi klublarda da forma geyinib. Təcrübəli yarımmüdafiəçi Kolumbiya yığmasında 115 oyuna 11 qol vurub.
“İnter” isveçrəli hücumçusu Darian Malesi də “Yanq Boyz”a satıb. 22 yaşlı forvardın keçidi yeni klubuna 2 milyon avroya başa gəlib. Males İsveçrə klubu ilə 4 illik sözləşmə imzalayıb.
Darian Males peşəkar karyerasına “Lutsern”də başlayıb. O, 2020-ci ildən “İnter”də olsa da, bu klubda forma şansı qazanmayıb. Əvəzində o, “Cenoa”, “Bazel” kimi klublarda icarədə oynayıb. Males İsveçrənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynasa da, əsas millidə forma şansı qazanmayıb.
Kuadrado ilə vidalaşmış “Yuventus” isə digər yarımmüdafiəçisi Filippo Ranokkiyanı “Empoli”yə icarəyə verib. 22 yaşlı italyan futbolçu 2024-cü ilin 30 iyununa kimi icarədə olacaq. Daha öncə “Montsa”, “Viçentsa” və “Peruca”da da icarədə oynamış futbolçu Turin klubunun əsas komandasında forma şansı qazanmayıb. O, İtaliyanın U-20 və U-21 yığmalarında da oynayıb.
Xatırladaq ki, son günlərdə “Yuventus”un “İnter”in də maraq dairəsində olan, “Çelsi”nin belçikalı hücumçusu Romelu Lukakunun transferinə çalışdığı barədə xəbərlər yayılmaqdadır. Artıq bu transferlə bağlı tərəflər arasında razılıq əldə edildiyi bildirilir.


