İspaniyanın “Betis” klubunun sol cinah müdafiəçisi Xuan Miranda bundan sonra “Bolonya”nın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
24 yaşlı futbolçu yeni klubuna azad agent kimi keçib. Belə ki, ispan müdafiəçinin La Liqa təmsilçisi ilə müqaviləsinin müddəti bu ilin iyunun sonunda başa çatmışdı.
Miranda “Bolonya” ilə 3 illik (2027-ci ilin 30 iyununa qədər) müqavilə imzalayıb.
Xuan Miranda “Barselona”nın yetirməsidir. O, vaxtilə Kataloniya təmsilçisinin əsas komandasında 4 matça çıxıb. “Barselona”da olarkən Almaniyanın “Şalke” klubunda icarədə də oynamış müdafiəçi 2020-ci ildən “Betis”də idi. O, sözügedən klubun heyətində 111 oyun keçirib, 8 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
Miranda İspaniyanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynayıb. Əsas millidə isə o, 1 oyun keçirib və 1 qol vurub.
“Transfermarkt” internet-portalı 24 yaşlı müdafiəçinin transfer dəyərini 9 milyon avro məbləğində qiymətləndirir.

“Bolonya” İsveç yığmasının və “Spetsiya”nın sağ cinah yarımmüdafiəçisi Emil Holmu da transfer edib. Klub bu keçidə görə 7 milyon avrosundan keçib. 24 yaşlı futbolçu ilə 4+1 illik müqavilə imzalanıb.
Emil Holm İsveçin “Göteborq” klubunun yetirməsidir. Vətənində “Sönderyuske” klubunun da formasını geyinmiş isveçli yarımmüdafiəçi “Spetsiya”ya 2021-ci ilin yayında cəlb olunub. O, bu klubun heyətində 23 oyuna çıxıb, 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub. Geridə qalmış mövsümü icarə əsasında “Atalanta”da keçirmiş Holm, bu komandada 32 oyuna 1 qol vurub, 4 assistlə yadda qalıb.
İsveçin U-19 və U-21 yığmalarında da oynamış Emil, 2022-ci ilin noyabrında debüt etdiyi əsas millidə 8 matç keçirib, 1 qol və 2 assist müəllifi olub.
“Transfermarkt” internet-portalı 24 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.



