İngiltərənin “Vulverhempton” klubu Premyer Liqanın startına bir neçə gün qalmış baş məşqçi Xulen Lopeteqi ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə elita təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
İspan mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Baxmayaraq ki, onun klub rəhbərliyi ilə bəzi məsələlərdə ciddi fikir ayrılığının olduğu barədə məlumatlar var.
Lopeteqi cəmi 9 ay “Vulverhempton”un “sükanı arxasında” çalışıb. 56 yaşlı mütəxəssis 2022-ci ilin noyabrında bu posta təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda ötən mövsümü 13-cü pillədə başa vurub. Lopeteqi ilə birlikdə məşqçlər korpusunda yer alan digər 6 nəfərlə də yollar ayrılıb.
Lopeteqi “Vulverhempton”u bütövlükdə 27 matça çıxarıb. Komanda bu görüşlərdə 10 qələbə qazanıb, 5 heç-heçə edib və 12 məğlubiyyətə üzülüb.
Xulen Lopeteqi məşqçilik karyerasına İspaniyanın U-17 yığmasında başlayıb. Daha sonra o, ölkəsinin U-19, U-20, U-21 və əsas millilərinə də rəhbərlik edib. Klub karyerasında isə “Rayo Valyekano”, “Portu”, “Real” və “Sevilya”nı çalışdırıb.
Qeyd edək ki, İngiltərə Premyer Liqasında yeni mövsümə avqustun 11-də start veriləcək. “Vulverhempton” ilk oyununu ayın 14-də səfərdə “Mançester Yunayted”ə qarşı keçirəcək.
Yeri gəlmişkən, “Vulverhempton” üç futbolçusu ilə də yollarını ayırıb. Monteneqrodan olan qapıçı Matiya Şarkiç “Milluol”a satılıb. Klub bu satışdan 1,4 milyon avro qazanıb. 2020-ci ildən “Vulverhempton”da olan 26 yaşlı qolkiper bu komandada cəmi 3 matça çıxıb, 3 qol buraxıb. O, Monteneqro yığmasında da 8 matç keçirib.
20 yaşlı sağ cinah müdafiəçisi Lyuk Metison azad agent kimi “Bolton”a keçib və yeni klubu ilə 1 illik müqavilə bağlayıb. 21 yaşlı mərkəz yarımmüdafiəçisi Lyuk Kandl da “Plimut”a icarəyə verilib. O, mövsümün yekununda “Vulverhempton”a qayıdacaq.


