Xviça Kvaratsxeliya “Napoli” ilə vidalaşdı

Futbol üzrə Gürcüstan milli komandasının sol vingeri Xviça Kvaratsxeliya İtaliyanın “Napoli” klubu ilə vidalaşıb.

Arena.az xəbər verir ki, 23 yaşlı oyunçu sosial şəbəkə hesabında video paylaşıb.

Videoçarxda onun “Napoli”nin stadionuna sonuncu səfəri və Dieqo Maradonanın memorialına baş çəkməsi yer alıb. Paylaşımda Xviça bildirib: “Napoli” klubuna, şəhərə, azarkeşlərə və Dieqonun xatirəsinə təşəkkür edirəm… Bu sehrli hissləri və birlikdə qazandığımız skudettonu heç vaxt unutmayacağam!”

Qeyd edək ki, Kvaratsxeliyanın sabah Fransa nəhəngi PSJ ilə rəsmi müqavilə imzalaması gözlənilir. “Napoli” bu transferdən 70 milyon avro qazanacaq.

Xviça Kvaratsxeliya 2022-ci ilin iyul ayından “Napoli”də çıxış edirdi. Neapol təmsilçisi gürcü cinah hücumçusunu 13,3 milyon avro məbləğ müqabilində Batumi “Dinamo”sundan öz heyətinə qatmışdı. Xviçanın İtaliya klubu ilə müaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövümdə “Kvara” “eşşəkciklər” üçün 19 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə verib.

Kvaratsxeliyanın “Napoli”də çıxışının ümumi mənzərəsi isə 107 oyun, 30 qol və 29 məhsuldar ötürmədən ibarətdir.

“Kvara” “Napoli” ilə 2022/2023-cü illər mövsümündə İtaliya A Seriyasının qalibi olub.

Xviça Kvaratsxeliya 2019-cu ilin iyununda debüt etdiyi Gürcüstan yığmasının heyətində 40 oyuna 17 qol vurub, 9 məhsuldar ötürmə verib.

Gürcü futbolçu klub karyerası ərzində “Dinamo” (Batumi), “Rubin” (Kazan), “Lokomotiv” (Moskva), “Rustavi” və “Dinamo” (Tiflis) komandalarında oynayıb.

“Transfermarkt” internet-portalı 23 yaşlı gürcü sol cinah hücumçusunun transfer dəyərini 85 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, Xviçanın atası Badri Kvaratsxeliya vaxtilə Azərbaycanın “Kəpəz” və “Şəmkir” komandalarında çıxış edib. Badri Kvaratsxeliya həm də Azərbaycan milli komandasının uğurları üçün çalışıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: