Danimarkadan olan futbol mütəxəssisi Yakob Friis Finlandiya milli komandasının baş məşqçisi vəzifəsinə təyin olunub.
Arena.az bu barədə Finlandiya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir.
Tərəflər arasında uzunmüddətli müqavilə imzalandığı diqqətə çatdırılıb. 48 yaşlı mütəxəssis Finlandiya yığmasını DÇ-2026-nın və AÇ-2028-in final mərhələsinə çıxarmalıdır.
Yakob Friis Finlandiya yığmasının “sükanı arxasında” 2024-cü ilin noyabr ayında bu postdan ayrılmış Markku Kanervanı əvəz edib. Hansı ki, 60 yaşlı finlandiyalı mütəxəssis 2016-cı ilin dekabr ayından bəri bu komandaya rəhbərlik edirdi. Kanerva Finlandiya milli komandasını bütövlükdə 86 oyuna çıxarıb. Finlər bu görüşlərdə 36 qələbə, 14 heç-heçə, 39 məğlubiyyət görüblər.
Markku Kanerva daha öncə HJK, “Viikinqit” klublarında, həmçinin Finlandiyanın U-21 yığmasında da çalışıb, həmçinin əsas millidə köməkçi kimi də fəaliyyət göstərib.
Yakob Friis isə məşqçiliyə 2003-cü ildən başlayıb. O, əvvəlcə Danimarkanın “Olborq” klubunun ikinci komandasında, ardından Meksikanın “Tiqres UANL” klubunda köməkçi məşqçi kimi çalışıb. “Olborq”un U-19 komandasında baş məşqçi də olmuş Friis daha sonra əsas komandada köməkçi məşqçi kimi çalışmağa başlayıb. 2018-2020-ci illərdə isə o, doğma klubunun əsas komandasında baş məşqçi olub. Daha sonra bir müddət “Hobro”da məşqçi köməkçisi kimi fəaliyyət göstərmiş danimarkalı mütəxəssis 2021-2022-ci illərdə ölkəsinin 19 yaşadək qızlardan ibarət milli komandasına rəhbərlik edib. Daha sonra “Viborq”un baş məşqçisi olmuş Yakob Friisin sonuncu iş yeri Almaniyanın “Auqsburq” klubu olub. O, 2023-cü ildən bəri bu komandada köməkçi kimi çalışırdı.


