İtaliyanın “İnter” klubu almaniyalı mərkəz müdafiəçisi Yan Aurel Bissek ilə müqavilənin müddətini artırdığını açıqlayıb.
Arena.az xəbər verir ki, bu barədə Milan klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Yeni müqaviləyə əsasən, 25 yaşlı futbolçu 2031-ci ilin 30 iyununa qədər Milan təmsilçisinin uğurları üçün çalışacaq. Onun əvvəlki müqaviləsi 2029-cu ilin yayına kimi idi.
Xatırladaq ki, Yan Aurel Bissek Almaniyanın “Köln” klubunun yetirməsidir. O, Bundesliqa təmsilçisində olarkən “Holştayn Kil”, “Roda”, “Vitoriya” (Gimaraynş) və “Orhus” klublarında icarədə oynayıb. “Orhus” 2022-ci ilin yayında “Köln”ə 670 min avro ödəməklə onun transfer hüquqlarını alıb.
“İnter” mərkəz müdafiəçisini 2023-cü ilin yayında 7,2 milyon avro müqabilində məhz “Orhus”dan transfer edib. Bissekin “İnter” karyerası bütövlükdə 103 oyun, 8 qol və 8 assistdən ibarətdir. O, bu müddətdə iki dəfə A Seriyasının (2023/2024, 2025/2026), həmçinin İtaliya Kuboku və İtaliya Super Kubokunun qalibi olub.
Almaniyanın U-17, U-18, U-19 və U-21 yığmalarında da oynamış Yan Bissek 2025-ci ildə əsas millidə debüt edib, lakin hələlik cəmi 1 oyunda forma geyinib.
“Transfermarkt” internet-portalı 25 yaşlı müdafiəçinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.


