Yan Matsen Dortmund “Borussiya”sında – Rəsmi

“Çelsi”nin holland sol cinah müdafiəçisi Yan Matsen icarə əsasında Dortmund “Borussiya”sının düşərgəsinə keçib.

Arena.az bu barədə Almaniya klubunun rəsmi saytına istinadən məlumat verir.

Dortmund klubu Matseni cari mövsümün sonuna qədər icarəyə götürüb. İcarənin maliyyə təfərrüatı haqda məlumat açıqlanmayıb.

Xatırladaq ki, daha əvvəl, “Çelsi”nin Matsenlə müqaviləsini yeniləmək və sonra alman klubuna icarəyə göndərmək istəyi haqda xəbərlər yayılmışdı.

Yan Matsen futbolda ilk addımlarını “Feyenoord”da atıb. Ardınca holland müdafiəçi “Sparta” (Rotterdam) və PSV-nin futbol məktəblərində yetişib və 2018-ci ildə “Çelsi”nin akademiyasına yol tapıb. “Zadəganlar” Matseni tərəqqi etdirmək üçün “Çarlton”, “Koventri” və “Börnli”yə icarəyə veriblər. Daha sonra Matsen “Çelsi”nin əsas heyətinə yol tapıb.

Cari mövsümün ilk yarısında Matsen “Çelsi”nin heyətində bütün yarışlarda 15 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Matsen PSV-nin U-17 komandası ilə 2018-ci ildə Niderland çempionluğunu, 2022/2023 mövsümündə isə “Börnli” ilə Çempionşipi qazanıb.

Yan Matsen Niderland yığmasının əsas heyətində hələ debüt etməsə də, U-15, U-16, U-17, U-18, U-21 yığmalarında oynayıb. Matsen Niderlandın U-17 yığması ilə 2019-cu il Avropa Çempionatının və 2019-cu il Alqarve Beynəlxalq Turnirinin qalibi olub.

“Transfermarkt” internet-portalı 21 yaşlı müdafiəçinin transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: