Litva millisinin baş məşqçisi Edqaras Yankauskas UEFA Millətlər Liqasında Azərbaycan yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün 8-ci km stadionunda baş tutmuş görüşündə millimiz 1:0 hesablı qələbəyə sevinib.
Yankauskas qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Meydanda əsl mübarizə var idi. İki eyni səviyyəli komandanın mübarizəsi oldu. Çox təəssüf ki, biz qol vura bilmədik. Azərbaycan yığması isə bir fürsətdən maksimuç istifadə etdi. Bəzi detallar ki, onlar haqda danışmaq istəmirəm. Artıq oyun başa çatıb. Azərbaycanı qələbə münasibəti ilə təbrik edirəm.
Azərbaycan yığmasının Lixtenşteynlə oyunu tamam fərqli idi. Bizim üçün əhəmiyyət kəsb etmirdi. Biz bu oyuna kökləmmişdik. Buradakı ssenari daha fərqli idi. Biz cərimə meydançasına çoxlu hücumlar etdik. Əsl kişi mübarizəsi getdi. Hər iki komanda maksimumu etdi. Təəssüf ki, oyun bizim üçün məyusedici bitdi. Azərbaycan bir qolla nəticəyə nail oldu.
Riyazi olaraq, qrup birincisi olmaq imkanımız var. Amma taleyimiz artıq öz əlimizdə deyil və hər şey bizdən asılı deyil”.
Yankauskas hakim idarəçiliyindən də narazılıq edib:
“Çox təəssüf ki, bu gün bütün qərarlar əleyhimizə oldu. VAR bizə simpatiya göstərmədi, bütün məsələlərdə Azərbaycanın xeyrinə qərar verildi. Vurulan qolda bizim oyunçuya qarşı kobudluq var idi. Amma nə hakim yoxladı, nə VAR qərarı dəyişdi. Qırmızı vərəqəyə gəldikdə, VAR-ın müdaxiləsindən sonra qərar dəyişdirildi. Halbuki oyunçumuz sürətlə gedirdi. Orada yüngül kontakta da vərəqə göstərilməliydi. VAR bu gün bizim yox, qarşı tərəfin xeyrinə qərarlar verdi”.


