Yankauskas: “Bakıda mütləq qələbə uğrunda mübarizə aparacağıq”

Litva millisinin baş məşqçisi Edqar Yankauskas UEFA Millətlər Liqasında Azərbaycan yığması ilə oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, 3 oktyabrda Bakıya gələn Litva yığması şənbə günü qarşılaşmanın keçiriləcəyi “8 km stadion”unda yeganə məşqini keçirib.

Məşqdən əvvəl mətbuat konfransında danışan Yankauskas Azərbaycan millisinin Lixtenşteynlə 0:0 hesablı heç-heçəsindən sonra daha motivasiyalı olacağını bildirib:

“Onlar qol vura bilmədilər. Belə oyunlarda müdafiə səddini yarmaq asan deyil. Əvvəlki oyundakı mənfi nəticə Azərbaycanı daha da motivasiya edir. Amma bu, bizi də motivasiya edəcək. Bilirik ki, rəqib oyuna çox ciddi köklənəcək”.

Litvalı çalışdırıcı qrupda liderlik baxımından heç-heçənin komandası üçün əlverişli nəticə ola biləcəyini bildirsə də, futbolçularının meydana yalnız qələbə düşüncəsi ilə çıxacağını vurğulayıb:

“Bilirik ki, hansı nəticə həm onları, həm də bizi qane edər. Lakin düşüncəmizə “heç-heçə bizə kifayətdir” fikrini buraxmamalıyıq. Təcrübəmdən bilirəm ki, bu, oyuna hazırlaşmağın yaxşı yolu deyil. Ona görə də biz mütləq qələbə uğrunda mübarizə aparacağıq”.

Yankauskas komandaların ötən həftə Kaunasda keçirdiyi ilk oyunu da xatırladıb. Həmin qarşılaşma 1:1 hesabı ilə başa çatıb:

“Bu, bərabər səviyyəli komandaların mübarizəsi idi. Heç bir komanda digərindən üstün deyildi. Onların da oyunun müəyyən hissələrində təşəbbüsü var idi, qol vurdular. Biz isə bir neçə imkan daha çox yaratdıq”, – deyə 45 yaşlı mütəxəssis bildirib.

Litva millisinin baş məşqçisi Andorra ilə son oyunda heyətdə rotasiyaya getmələrinin də özünü doğrultduğunu söyləyib. Onun sözlərinə görə, həm əsas heyətdə meydana çıxan, həm də sonradan oyuna qoşulan futbolçular səviyyələrini göstərməyi bacarıblar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: