Yaqo Aspas “Selta” karyerasında möhtəşəm nəticəyə imza atdı

“Selta”nın ispan mərkəz hücumçusu Yaqo Aspas komandasının La Liqada vurduğu qollarda iştirakında müstəsna nəticəyə imza atıb.

Arena.az bu barədə “Opta Sport” statistik internet-portalına istinadən məlumat verir.

Aspas “Selta”nın İspaniya çempionatında vurduğu qolların 195-də birbaşa iştirak edib. Bu isə 7,6 % göstəricisini ifadə edir.

Təcrübəli futbolçu La Liqa oyunlarında “Selta”nın heyətində 145 qol vurub və 50 məhsuldar ötürmə verib. İspan hücumçu hər iki göstəriciyə görə La Liqada klub tarixinin ən yaxşısıdır. 2001-ci ildən bəri “Selta” La Liqada 2569 qol vurub.

36 yaşlı Yaqo Aspas “Selta”nın yetirməsidir. 2006-2009-cu illərdə mütəmadi olaraq “Selta”nın “B” komandasında çıxış etmiş Aspas, 2008-ci ildə əsas komandaya keçdikdən sonra burada yerini möhkəmlədərək, 2013-cü ilə qədər əsas heyətin aparıcı futbolçusu olub. Aspas 2013-2015-ci illərdə “Liverpul”da çıxış edib və 2014-2015-ci illərdə “Sevilya”da icarədə olub. Hücumçu 2015-ci ilin iyulunda doğma klubuna qayıdıb və bu günə qədər “Selta”nın şərəfini qoruyur.

Aspasın “Selta” ilə cari müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsüm Aspas “Selta”nın heyətində 2 oyun keçirib, məhsuldar fəaliyyəti ilə fərqlənməyə macal tapmayıb.

Aspas 2016-cı ilin noyabrında debüt etdiyi İspaniya yığmasında 20 oyun keçirib, 6 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

Maraqlıdır ki, Aspas karyerası ərzində cəmi 1 kubok qazanıb. Bu Aspasın “Sevilya”da icarə əsasında çıxış etdiyi vaxta təsadüf edir. Aspas “Sevilya” ilə 2014/2015 mövsümündə Avropa Liqasını qazanıb. Aspas 3-ü ardıcıl olmaqla 4 dəfə (2016/2017, 2017/2018, 2018/2019 və 2021/2022) Telmo Zarra mükafatına layiq görülüb. Bu göstəricidə Aspas hücumçu David Vilya ilə rekordu bölüşür.

Telmo Zarra mükafatı La Liqada (həmçinin Sequndada) mövsüm ərzində ən çox qol vurmuş ispan futbolçuya təqdim edilir.

“Transfermarkt” internet-portalı 36 yaşlı Yaqo Aspası 6 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: