35 yaşlı mütəxəssis Yaroslav Köstl Çexiya Futbol Assosiasiyasının qərarı ilə bu ölkənin milli komandasına müvəqqəti baş məşqçi təyin edilib.
Arena.az bu barədə Çexiya Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, gənc mütəxəssis Çexiya millisini noyabrın 13-də San Marino ilə yoxlama görüşünə və 4 gün sonra Cəbəllütariqlə keçiriləcək DÇ-2026-nın seçmə mərhələsinin oyununa hazırlayacaq.
Xatırladaq ki, Çexiya milli komandasına son olaraq İvan Haşek rəhbərlik edib. Lakin o, bir müddət öncə uğursuz nəticələr səbəbindən istefaya göndərilmişdi.
Yaroslav Köstl də İvan Haşekin köməkçilərindən biri idi. O, daha öncə “Viktoriya” (Jijkov), “Slovan” (Liberets) və “Slaviya” (Praqa) klublarında da köməkçi məşqçi kimi çalışıb.
Çexiya millisi hazırda DÇ-2026-nın seçmə mərhələsində 13 xalla L qrupunda ikinci yerdə qərarlaşıb.


