Azərbaycan çempionu “Qarabağ”ın hücumameyilli yarımmüdafiəçisi Yassin Benzya Əlcəzair yığmasının heyətində növbəti oyuna çıxıb.
Arena.az xəbər verir ki, Əlcəzair millisi dünya çempionatının (DÇ-2026) seçmə mərhələsi çərçivəsində Botsvana yığması ilə qarşılaşıb.
Qrup mərhələsinin 5-ci turunun oyununda Benzyanın komandası səfərdə inamlı qələbəyə sevinib – 3:1.
Benzya bu matça start heyətdə başlayıb və 83-cü dəqiqədə əvəzlənib.
Əlcəzair millisi bu qələbədən sonra yer aldığı G qrupunda 12 xalla birincidir. Bu komanda qrupdakı növbəti matçını martın 25-də evdə Mozambik yığmasına qarşı keçirəcək.
Yassin Benzya 2023-cü ilin yanvar ayından “Qarabağ”da forma geyinir. Hücumameyilli yarımmüdafiəçi indiyə qədər Ağdam klubunun heyətində 93 oyuna çıxıb, 25 qol vurub, 24 məhsuldar ötürmə müəllifi olub. Yassinin Azərbaycan çempionu ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var. O, karyerası ərzində “Lill”, “Olimpik” (Lion), “Dijon”, “Fənərbaxça”, “Hatayspor”, “Olimpiakos” kimi klublarda da forma geyinib.
30 yaşlı yarımmüdafiəçi 2016-cı ilin mart ayında debüt etdiyi Əlcəzair yığmasında da 14 oyunda 4 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.


