Mərakeş yığmasının və “Əl-Hilal”ın qapıçısı Yassin Bono əzələ zədəsi alaraq oyunu tərk etmək məcburiyyətində qalıb.
Arena.az məlumat verir ki, xoşagəlməz hadisə “Əl-Hilal”ın Asiya Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda “Nassaci Mazandaran”la (İran) oyunda (2:1) baş verib.
Oyunu davam etdirə bilməyə Bononun əvəzinə 46-cı dəqiqədə meydana komandanın ikinci qapıçısı Həbib Əl-Votayan çıxıb.
Bono “Əl-Hilal”ın düşərgəsinə çoxillik Avropa səyahətindən sonra, cari ilin avqustunda 21 milyon avro müqabilində “Sevilya”dan keçib. Mərakeşli qapıçının ərəb klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Bononun Avropa karyerası Madrid “Atletiko”su ilə başlayır. Bono 2012-2016-cı illərdə “döşəkçilər”in heyətində çıxış etsə də, əsasən “B” komandasında forma geyinib, əsas heyətdə möhkəmlənə bilməyib. Amma Bono “Atletiko” ilə İspaniya La Liqasını qazana bilib. Sonra qapıçı əvvəlcə “Saraqosa”ya icarəyə göndərilib, daha sonra isə “Jirona”ya transfer edilib, oradan da “Sevilya”ya keçib.
Bononun karyerasında “Sevilya” xüsusi rol oynayıb, o, məhz burada bir qapıçı kimi püxtələşib. Bononun “Sevilya”nın heyətində ümumi statistikası belədir: 142 oyun, 141 buraxılmış qol, 58 “quru” oyun. Üstəlik, Bono “Sevilya”nın heyətində 1 qol vurmağı da bacarıb. Bono “Sevilya” ilə 2 dəfə Avropa Liqasını qazanıb, 2 dəfə isə UEFA Super Kubokunun finalçısı olub.
Cari mövsümdə Bono “Əl-Hilal”ın heyətində 17 oyuna keçirib, 6 qol buraxıb, 13 oyunda qapısının toxunulmazlığını təmin edib.
Bono 2013-cü ildə debüt etdiyi Mərakeş yığmasının heyətində 58 oyun keçirib, 29 qol buraxıb, 36 oyunda qapısının toxunulmazlığını təmin edib. Bono 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatında Mərakeş yığmasının fəxri dördüncülüyü əldə etməsində müstəsna xidmətlər göstərib. O, mundialın yekunlarına görə DÇ-2022-nin ən yaxşı qapıçılarının üçlüyündə yer alıb.
Transfermarkt-internet portalı 32 yaşlı Yassin Bononu 11 milyon avro məbləğində qiymətləndirir.


