Yens Lemann qonşusunun əmlakını doğradı, cərimələndi

Dortmund “Borussiya”sı və “Arsenal”da çıxışları ilə məşhur, Almaniya yığmasının sabiq qapıçısı Yens Lemann ziyankarlığına görə cərimələnib.

Arena.az bu barədə “Bild” dərgisinə istinadən məlumat verir.

Lemann maddi ziyan vurmaq, polis əməkdaşlarını dəfələrlə təhqir etmək və dələduzluq cəhdinə görə məhkəmə tərəfindən 420 min avro məbləğində cərimə ödəməyə məhkum edilib.

Prokurorluq alman qapıçıya 10 aylıq həbs cəzası da istəyib.

Belə ki, il yarım əvvəl Lemann motomişarı əlinə alıb, qonşusunun qarajının damına dırmaşıb və əvvəlcə videomüşahidə sisteminin naqillərini doğrayıb, sonra isə çardağın dayaq tirini mişarlayıb. Buna rəğmən, videomüşahidə kamerası Lemanın bütün bu ziyankarlığını qeyd etməkdə davam edib. Məhkəmə prosesində 54 yaşlı keçmiş futbolçu yaddaş itkisindən əziyyət çəkdiyi üçün bunları xatırlamadığını dilə gətirib.

Bundan əlavə, 2021-ci və 2022-ci illərdə Lemann Münhen hava limanında iki dəfə parkinq qaydalarını pozub. Keçmiş futbolçu elektrikli “Porşe”sini doldurduqdan sonra dayanacağın çıxışındakı şlaqbaum yaxınlığında digər avtomobillərə yaxınlaşaraq, avtomobilini doldurmaq üçün heç bir ödəniş etmədən və bu yolla 300 avroya “qənaət edərək”, onların cərgəsində gizlincə aradan çıxıb.

Yens Lemann futbolçu karyerası dövründə “Şalke”, “Milan”, “Borussiya” (Dortmund), “Arsenal” və “Ştutqart” kimi klublarda çıxış edib. Hazırda 54 yaşı olan veteran qolkiper “Arsenal”, “Auqsburq” və “Herta”da köməkçi məşqçi kimi də fəaliyyət göstərib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: