Türkiyənin “Adana Dəmirspor” klubunun sağ cinah müdafiəçisi Yonas Svensson Super Liqa təmsilçisindən ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Norveçdən olan 30 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Svenssonun karyerasını harada davam etdirəcəyi hələ bilinmir.
Xatırladaq ki, Yonas Svensson “Adana Dəmirspor”a 2021-ci ilin iyul ayında Niderlandın “Alkmar” klubundan azad agent kimi gəlmişdi. O, Super Liqa təmsilçisində bütövlükdə 84 oyuna çıxıb, 1 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub.
Yeri gəlmişkən, “Adana Dəmirspor”un 2023-cü ilin sentyabr ayında yollarını ayırdığı Qoran Karaçiçin də yeni iş yeri müəyyənləşib. Həmin vaxtdan klubsuz olan bosniya və herseqovinalı qolkiper əvvəlki klubuna qayıdıb. 27 yaşlı futbolçu bundan sonra “Zrinski”nin (Mostar) uğurları üçün çalışacaq.
Karaçiç vaxtilə “Adana Dəmirspor”da 8 oyuna çıxıb, 11 qol buraxıb, cəmi 2 “quru” matçı olub. O, Türkiyədə “Adanaspor”un da formasını geyinib.
Xatırladaq ki, daha əvvəl “Adana Dəmirspor”un maliyyə problemlərinin olduğu və bir neçə futbolçunun komandadan ayrılmaq istədiyi bildirilirdi. Svenssondan əvvəl müdafiəçilər Endryu Qravillo və Kevin Rodriqes və yarımmüdafiəçi Yunes Belhanda da Super Liqa təmsilçisindən ayrılmışdı.
Sonda onu da bildirək ki, Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev də “Adana Dəmirspor”da çıxış edir. O, bu mövsümün gedişində “Qarabağ”dan ayrılaraq Türkiyə klubu ilə 2 illik müqavilə bağlamışdı. “Şah” Adana təmsilçisində indiyə qədər cəmi 6 oyun keçirib.


