Yozua Kimmix “Bayern”dəki gələcəyi haqda söhbət açdı

“Bayern”in və Almaniya yığmasının yarımmüdafiəçisi Yozua Kimmix Münhen komandasındakı gələcəyindən danışıb.

Arena.az alman futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Bu, təkcə məndən asılı deyil. Klub nə istəyir? Düşünürəm ki, nə vaxtsa müzakirələr aparılacaq. Vəziyyətim qeyri-müəyyən deyil. Müqaviləmin bitməsinə hələ 1 il var.

İndi bizi Avropa çempionatı gözləyir. Bütün diqqətlər bu yarışa yönəlib. Son bir neçə yarış o qədər də yaxşı getmədi və biz bunu düzəltmək istəyirik. “Bayern” mənim ilk əlaqə nöqtəm olaraq qalır”, deyə Kimmix vurğulayıb.

Xatırladaq ki, Yozua Kimmix “Bayern”ə 2015-ci ilin iyulunda 8,5 milyon avro müqabilində “Ştutqart”dan keçib. Onun Münhen klubu ilə müqaviləsi 2025-ci iliin iyun ayının sonuna qədər qüvvədədir.

Artıq geridə qalmış 2023/2024 mövsümündə Kimmix münhenlilərin heyətində bütün yarışlarda 43 oyuna çıxıb, 2 qol vurub, 10 məhsuldar ötürmə verib. Kimmixin “Bayern”in heyətində ümumi statistikası isə belədir: 390 oyun, 42 qol, 104 məhsuldar ötürmə.

Kimmix Almaniya nəhənginin heyətində 8 dəfə Almaniya Bundesliqasının, 3 dəfə Almaniya Kubokunun, 6 dəfə Almaniya Super Kubokunun və hərəsi 1 dəfə olmaqla UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.

Yozua Kimmix 2016-cı ilin mayında debüt etdiyi Almaniya yığmasının heyətində 84 oyuna 6 qol və 19 məhsuldar ötürmə ilə fərqlənib. Kimmix bundestimlə 2017 FIFA Konfederasiyalar Kubokunu qazanıb. Həmçinin Yozua Almaniyanın U-19 yığması ilə Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 29 yaşlı dayaq yarımmüdafiəçisinin transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: