“Bayern”in mərkəz yarımmüdafiəçisi Yozua Kimmix Almaniya yığmasının kapitanı roluna əsas namizədə çevrilib.
Arena.az bu barədə “Sky Sports” dərgisinin Almaniya şöbəsinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, bu zərurət yarımmüdafiəçi İlkay Gündoğanın Almaniya yığmasında çıxışını başa vurmasından sonra yaranıb. Kimmixin bundestimin kapitanı rolunda çıxışı UEFA Millətlər Liqasının oyunlarına təxmin edilir.
Xatırladaq ki, 2024-cü ildə Almaniyada keçirilmiş Avropa çempionatında Kimmix kapitanın birinci müavini olub. Almaniya yığması UEFA Millətlər Liqasının növbəti oyunlarında Macarıstan (7 Sentyabr, Düsseldorf) və Niderland (10 Sentyabr, Amsterdam) yığmaları ilə qarşılaşacaq.
Yozua Kimmix “Bayern”ə 2015-ci ilin iyulunda 8,5 milyon avro məbləğ müqabilində “Ştutqart”dan keçib. Alman futbolçunun Münhen klubu ilə müqaviləsi 2025-ci iliin iyun ayının sonuna qədər qüvvədədir.
Artıq geridə qalmış 2023/2024-cü illər mövsümündə Kimmix münhenlilərin heyətində bütün yarışlarda 43 oyuna çıxıb, 2 qol vurub, 10 məhsuldar ötürmə verib.
Cari mövsümdə Kimmix “Bayern” üçün 1 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Kimmixin “Bayern”in heyətində ümumi statistikası isə belədir: 391 oyun, 42 qol, 104 məhsuldar ötürmə.
Yozua Kimmix 2016-cı ilin mayında debüt etdiyi Almaniya yığmasının heyətində 91 oyuna 6 qol və 21 məhsuldar ötürmə ilə fərqlənib. Kimmix bundestimlə 2017 FIFA Konfederasiyalar Kubokunu qazanıb. Həmçinin Yozua Almaniyanın U-19 yığması ilə Avropa çempionatının qalibi olub.
Kimmix “Bayern”in heyətində 8 dəfə Almaniya Bundesliqasının, 3 dəfə Almaniya Kubokunun, 6 dəfə Almaniya Super Kubokunun və hərəsi 1 dəfə olmaqla UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.
“Transfermarkt” internet-portalı 29 yaşlı alman futbolçunun transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.


