Yozua Kimmix pandemiya zamanı “Bayern”dən niyə narazı qalıb?

“Bayern” rəhbərliyi Münhen klubunun yarımmüdafiəçisi Yozua Kimmix haqqında bu yaxınlarda yayımlanmış sənədli filmdən narazı qalıb.

Arena.az xəbər verir ki, filmdə Kimmix 2021-ci ilin oktyabrında koronavirus infeksiyasına qarşı peyvənd almaq niyyətində olmadığını elan edərkən, “Bayern”dən dəstək almamasından üzüldüyünü dilə gətirib:

“Uzun müddət özümü tək-tənha hiss etdim. Artıq yeddi ilə yaxındır ki, bu klubdayam. Ətrafımda isə elə də çox qalmaqallar olmayıb. Bu, ilk tənəzzül idi. Məhz o zaman klubun qarşılığını gördüm və məyus oldum, incidim”, – filmdə Kimmix səslənib.

Onun bu fikirləri isə klub rəhbərliyinin ürəyincə olmayıb.

Xatırladaq ki, Yozua Kimmix “Bayern”ə 2015-ci ilin iyulunda 8,5 milyon avro müqabilində “Ştutqart”dan keçib. Onun Münhen klubu ilə müqaviləsi 2025-ci iliin iyun ayının sonuna qədər qüvvədədir.

Artıq geridə qalmış 2023/2024 mövsümündə Kimmix münhenlilərin heyətində bütün yarışlarda 43 oyuna çıxıb, 2 qol vurub, 10 məhsuldar ötürmə verib. Kimmixin “Bayern”in heyətində ümumi statistikası isə belədir: 390 oyun, 42 qol, 104 məhsuldar ötürmə.

Kimmix “Bayern”in heyətində 8 dəfə Almaniya Bundesliqasının, 3 dəfə Almaniya Kubokunun, 6 dəfə Almaniya Super Kubokunun və hərəsi 1 dəfə olmaqla UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.

Yozua Kimmix 2016-cı ilin mayında debüt etdiyi Almaniya yığmasının heyətində 90 oyuna 6 qol və 20 məhsuldar ötürmə ilə fərqlənib. Kimmix bundestimlə 2017 FIFA Konfederasiyalar Kubokunu qazanıb. Həmçinin Yozua Almaniyanın U-19 yığması ilə Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 29 yaşlı dayaq yarımmüdafiəçisinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: